Şəmkirdə tibb xidmətləri yeniləndi

Şəmkirdə tibb xidmətləri yeniləndi Gündəm

"Şəmkir xəstəxanasında müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur".

News24.az xəbər verir ki, bu sözləri bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-tur zamanı xəstəxananın direktoru Samir Namazov deyib.

O həmçinin icbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisəsinin maddi-texniki bazasının gücləndirildiyinə və xidmətlərin növünün genişləndiyinə toxunub. Onun sözlərinə görə, müəssisə 229 çarpayı ilə stasionar xidmətin təşkili imkanına malikdir:

"İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. KT, MRT, qastroskop, elektroensefaloqrafiya, exokardioqrafiya, otoskop, oftalmoskop, laparoskop və digər diaqnostik cihazlar xəstələrin müayinəsində operativlik və dəqiqlik yaradır. Həmçinin xəstəxanada Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir”.