Sentyabrın 1-dən yeni qərar qüvvəyə minir: Kimlərə şamil olunacaq?
Gündəm
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq. Bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərar qüvvəyə minəcək.
Qərara əsasən, ödənişlər hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin texniki qurğu və avadanlıqlardan istifadə etməklə su obyektlərindən su götürməsinə, tullantı sularını təmizləyərək su obyektlərinə axıtmasına və su akvatoriyasından istifadəsinə şamil olunacaq.Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.
Bəs sentyabrın 1-dən qüvvəyə minəcək bu ödənişlər vətəndaşların gündəlik həyatına və su tariflərinə necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə tətbiq olunacaq ödənişlərin vətəndaşlara birbaşa təsiri gözlənilmir.
"Yeni ödənişlər əsasən sənaye məqsədləri ilə texniki qurğulardan istifadə etməklə su götürən sahibkarlıq subyektlərinə aiddir. Burada vətəndaşın şəxsi istifadə etdiyi sudan söhbət getmir. Burada sənaye məqsədləri üçün, məsələn, müxtəlif avadanlıqların soyudulması və digər texniki proseslərdə istifadə olunan su ödənişləri nəzərdə tutulur. Ümumiyyətlə, müəyyən edilən məbləğlər böyük deyil. Məsələn, dənizdən götürülən 100 kubmetr su üçün cəmi 40 qəpik ödəniş ediləcək".
İqtisadçı qeyd edib ki, dəniz suyundan əsasən sənaye müəssisələrində, o cümlədən elektrik stansiyalarında soyutma məqsədilə istifadə edilir:
"Adi vətəndaşın dənizdən nasos vasitəsilə su götürüb istifadəsi kimi bir hal, demək olar ki, yoxdur. Çay və göllərdən götürülən şirin su üçün isə 100 kubmetr üzrə 4 manat ödəniş müəyyənləşdirilib. Müqayisə üçün qeyd edim ki, hazırda vətəndaş suyun bir kubmetrini 70 qəpiyə, kanalizasiya xidmətini isə 30 qəpiyə ödəyir. Əhalinin istifadə etdiyi su ilə bağlı bu tariflərdə hər hansı dəyişiklik yoxdur".
Onun sözlərinə görə, yeni ödənişlərin nə vətəndaşa, nə də sahibkarlara ciddi əlavə xərc yaratmayacaq:
"Müəyyən sahələrdə, xüsusilə kənd təsərrüfatında xərclərə cüzi təsir göstərə bilər. Lakin kənd təsərrüfatında suvarma üçün ödənişlər əvvəldən də mövcud idi. İndi əsasən həmin ödənişlərin məbləği konkret şəkildə müəyyənləşdirilir. Ona görə də bu qərarın son istehlakçıya, yəni adi vətəndaşa əhəmiyyətli təsir göstərəcəyini düşünmürəm”.