Siçovul tenderi: Azərbaycan niyə minlərlə siçan alır?

Siçovul tenderi: Azərbaycan niyə minlərlə siçan alır? Gündəm

Bakı Zooloji Parkı üçün heyvan yemləri və qidalarının alınması məqsədilə 348 299,42 manat məbləğində tender elan olunub. Tender şərtlərinə əsasən, zooloji parka diri halda 2 700 ədəd, hər biri 100 qram olan böyük siçan, 2 000 ədəd, hər biri 350-400 qram olan böyük siçovul və 1 500 ədəd, hər biri 20 qram olan birgünlük siçan tədarük ediləcək.

Maraqlıdır bu siçovullar ölkəmizə hansı məqsədlə gətirilir və nə üçün istifadə olunacaq?

Məsələ ilə bağlı News24.az-a danışan Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, zooparklarda saxlanılan yırtıcı heyvanların qidalanması üçün xırda məməlilərdən istifadə olunması dünyada geniş yayılmış və praktik baxımdan zəruri hesab edilən bir təcrübədir:

"Zooparklarda saxlanılan bir çox yırtıcı heyvanların yem rasionuna siçanlar, siçovullar, qurbağalar, ilanlar və digər xırda canlılar daxildir. Bu səbəbdən onların qidalanma ehtiyacını qarşılamaq üçün mütəmadi olaraq böyük sayda yem heyvanlarına ehtiyac yaranır. Əgər hər bir heyvan üçün ay ərzində müəyyən sayda siçan və ya siçovul tələb olunursa, ümumi ehtiyac yüzlərlə, hətta minlərlə heyvana çatır. Belə bir tələbatı təbii mühitdən ovlamaqla qarşılamaq həm vaxt, həm də əlavə insan resursu tələb edir. Bunun üçün xüsusi işçilər, tələlər və uzunmüddətli proses lazımdır. Ona görə də dünyanın bir çox ölkəsində bu cür heyvanlar xüsusi təsərrüfatlarda və ya laborator şəraitdə yetişdirilərək hazır şəkildə satılır".

Ekspert bildirib ki, bu təcrübə Azərbaycanda da əvvəllər tətbiq olunub. Belə ki, sovet dövründə ilan zəhərinin əldə olunması məqsədilə saxlanılan ilanların qidalanması üçün hər ay minlərlə siçana ehtiyac yaranırdı:

"Həmin dövrdə bu tələbat əsasən Moskvadakı xüsusi yetişdirmə mərkəzləri vasitəsilə ödənilirdi. Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən xüsusi yetişdirmə mərkəzlərində laborator siçanlar, siçovullar və digər xırda məməlilər çoxaldılırdı. Müxtəlif elmi müəssisələr və təşkilatlar həmin heyvanları müqavilə əsasında alaraq istifadə edirdilər. Azərbaycana da hər ay on minlərlə laborator gəmirici gətirilirdi".

Mütəxəssis hesab edir ki, zooparkların da eyni ehtiyacı olduğundan onların xırda gəmiriciləri xaricdən sifariş etməsi təbii və anlaşılan haldır:

"Zooparklarda saxlanılan yırtıcı quşların, yırtıcı məməlilərin və digər ətyeyən heyvanların qidalanması üçün çoxlu sayda xırda məməlilərə ehtiyac var. Bu səbəbdən həmin heyvanların xüsusi təsərrüfatlardan və ya xarici ölkələrdən sifariş olunaraq gətirilməsi tam normal praktikadır və heyvanların qidalanma tələbatının qarşılanmasına xidmət edir".