Bu ətlərin satışı qanunsuzdur - XƏBƏRDARLIQ
Gündəm
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşlara mütləq baytarlıq nəzarətin altında kəsilən ət almağı tövsiyə edir.
Bəs istehlakçı aldığı ətin həqiqətən yoxlanıldığını necə müəyyən edə bilər? Xüsusilə şəhərətrafı ərazilərdə fəaliyyət göstərən kiçik kəsim və satış məntəqələrində baytarlıq nəzarətini sübut edən xüsusi sənəd və ya nişan varmı?
Ölkə ərazisində ətin baytarlıq-sanitariya ekspertizası aparılmadan satışı qadağandır
News24.az xəbər verir ki, AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova Bizim.Media-nın sorğusuna cavab olraq bildirib ki, istehlakçılar aldıqları ətin baytarlıq nəzarətindən keçdiyini müəyyən etmək üçün satıcıdan məhsulun baytarlıq müşayiətedici sənədlərini tələb edə bilər:
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının qorunması və qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir.
Sənədsiz ət mənşəyi bilinməyən və təhlükəli məhsul hesab olunur. Ekspertizadan keçmiş istehlaka yararlı ət cəmdəklərinin üzərinə möhür vurulur. Üzərində möhürü olmayan ətlər qanunsuzdur. Mağazalarda satılan qablaşdırılmış ətlərin üzərində kəsim tarixi, son istifadə müddəti və istehsalçının qida təhlükəsizliyi qeydiyyat (reyestr) nömrəsi əks olunmalıdır.
Kəsim məntəqələri yalnız AQTA-da qeydiyyatdan keçdikdə və daimi baytar həkim nəzarəti ilə təmin edildikdə qanunidir”.
Yol kənarında, açıq havada asılaraq satılan ətlər tamamilə qanunsuzdur.
Qeyd edilib ki, AQTA vətəndaşları yalnız ixtisaslaşmış, baytar nəzarəti olan məntəqələrdən ət almağa çağırır. Şübhəli hallarla qarşılaşdıqda isə Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermək xahiş olunub.