"Sənətkarın ailəsindən, sevənlərindən üzr istəyirəm" - Şərif Ağayar

"Sənətkarın ailəsindən, sevənlərindən üzr istəyirəm" - Şərif Ağayar Gündəm

Yazıçı Şərif Ağayar Rəşid Behbudovla bağlı sosial media hesabından paylaşdığı fikirlərə görə üzr istəyib.

News24.az xəbər verir ki, o bu barədə özünün "Facebook" səhifəsində paylaşım edib.

Yazıçı bildirib ki, sözügedən statusda məqsədi Xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb:

"Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam. Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar".

Xatırladaq ki, Şərif Ağayar Xalq artisti Rəşid Behbudov və Azərbaycan musiqi ənənəsi ilə bağlı sosial media hesabında qalmaqallı status paylaşmışdı. Yazı qısa zamanda geniş ictimai rezonans doğurmuş və paylaşımda səsləndirilən fikirlər ciddi etirazla qarşılanmışdı. Bir çox istifadəçi yazıçını milli-mədəni dəyərləri təhqir etməkdə ittiham etmişdi.