Süni intellekt müəllimi əvəz edəcək? - Millət vəkilindən açıqlama
Gündəm
Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlik cəmiyyətdə ən hörmətli və məsuliyyətli peşələrdən biri hesab olunur. Lakin son illərdə süni intellektin sürətli inkişafı müəllimlərin gələcəyi ilə bağlı suallar yaradıb.
Bəs süni intellekt müəllimi əvəz edə bilərmi? Digər tərəfdən, gənclərin müəllimlik peşəsinə marağının azalmasının səbəbləri nələrdir?
Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, süni intellekt heç vaxt müəllimi əvəz edə bilməz: “Süni intellekt əlavə informasiya verə bilər, amma müəllimin ruhunu uşağa aşılamaq, onu başqa insana ötürmək mümkün deyil. Çünki müəllim həm də canlı avtoritetdir, canlı insanın nümunə götürdüyü şəxsiyyətdir.
Müəllimin təhsilə verdiyi dəstək yalnız bilik ötürməklə məhdudlaşmır. Müəllimin varlığı və davranışı insanda müəyyən ölçülərin yaranmasına, standartların formalaşmasına kömək edir. Ona görə də bunu süni intellektlə əlaqələndirmək doğru deyil”.
Millət vəkilinin sözlərinə görə, indiyə qədər də müəllimi əvəz edəcək müxtəlif vasitələr düşünülüb, amma heç biri canlı müəllim qədər təsir göstərə bilməyib: “Çünki səsin intonasiyasından tutmuş fikrin dolğunluğuna qədər bütün bunları yalnız müəllim çatdıra bilər. Ona görə də bu məsələdə, məncə, mübahisəyə ehtiyac yoxdur.
Amma bir tərəfdən də müəllimin şəxsiyyətini önə çıxaran bir cəmiyyət yaratmalıyıq. Biz belə cəmiyyət olmamışıq. Bəlkə də müəyyən dövrlərdə bunun görüntüsü olub, amma biz bunu həyatımızın ən vacib məsələlərindən birinə çevirməliyik.
Müəllimə xüsusi dəyər verməklə yanaşmaq, onu qorumaq lazımdır. Onun varlığını ölkə və cəmiyyət üçün nemət kimi görmək lazımdır.
Heç olmasa, belə günlərdə müəllimlərin problemləri, sıxıntıları və çətinlikləri, eləcə də gələcəyimiz üçün bir insan və şəxsiyyət olaraq onların mövcudluğunun qorunması ilə bağlı müzakirələr aparmalıyıq. Bu, ümumi cəmiyyətimizin xeyrinədir.
Düşünürəm ki, müəllim adının ucaldılması həmin cəmiyyətin özünün də inkişafının vacib göstəricisidir”.