"Sürücülər üçün cərimə balının 30-a qaldırılması..." - Ekspertdən xəbərdarlıq
Gündəm
Azərbaycanda sürücülər üçün tətbiq olunan cərimə balı sistemində dəyişiklik edilməsi məsələsi gündəmdədir. Müzakirə olunan təklifə görə, hazırda 20 ballıq limit artırılacaq.
Eyni zamanda bu dəyişikliyin yalnız taksi sürücülərinə, yoxsa, bütün sürücülərə şamil olunması sualı da müzakirə mövzusudur.
Bəzi mütəxəssislərə görə, gün ərzində sükan arxasında vaxt keçirən taksi sürücüləri üçün bu limit kifayət etmir. Bir qism ekspertlər isə cərimə balı limitinin artırılması məsələsinə yol hərəkəti təhlükəsizliyi baxımından daha diqqətlə yanaşılmalı olduğunu qənaətindədir.
Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, cərimə balı sistemində əsas problem limitin aşağı olması deyil, balların tətbiq mexanizmidir.
"İnzibati Xətalar Məcəlləsində və yol hərəkəti qaydalarında elə pozuntular var ki, həmin hallarda həm cərimənin, həm də cərimə balının tətbiqi məqsədəuyğun hesab olunmur. Ağır nəticələrə səbəb olmayan və ya digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaratmayan bəzi qayda pozuntularına görə cərimə balının yazılması düzgün yanaşma deyil. Hazırkı sistemdə qəza şəraiti yaradan sürücüyə də, avtobus zolağına daxil olan sürücüyə də eyni sayda, məsələn 3 cərimə balı tətbiq oluna bilir. Halbuki bu pozuntuların ictimai təhlükəlilik dərəcəsi eyni deyil".
Ekspert qeyd edib ki, yol-nəqliyyat hadisəsinə səbəb ola biləcək və insanların həyatını risk altına atan hərəkətlərlə texniki xarakterli pozuntular arasında fərq qoyulmalıdır:
"Bir halda qəza baş verə, insanlar xəsarət ala və ya həyatını itirə bilər. Digər halda isə sürücü sadəcə avtobus zolağına daxil olub və buna görə 100 manat cərimə edilir. Belə hallarda əlavə cərimə balının yazılması mübahisəli məsələdir".
A. Əsədov hesab edir ki, cərimə balı limitinin artırılmasından daha çox, sistemin özünün sadələşdirilməsinə və yenidən nəzərdən keçirilməsinə ehtiyac var:
"Bu gün bal limitinin 20-dən 30-a qaldırılması problemin həlli deyil. Əsas məsələ hansı hallarda bal yazılmasının dəqiq müəyyənləşdirilməsidir. Çünki illər ərzində həm yeni cərimələr tətbiq olunub, həm də cərimə məbləğləri artırılıb. Lakin bu, bal sisteminin effektiv işlədiyini göstərmir. Sürücü üçün balın yazılıb-yazılmaması əksər hallarda ciddi əhəmiyyət daşımır. Çünki həmin ballar müəyyən müddətdən sonra silinir. Bal sistemi yalnız sürücülük vəsiqəsinin yenilənməsi və ya limitin dolmasına yaxın mərhələdə aktuallaşır. Bu baxımdan mövcud sistem effektiv nəzarət mexanizmi funksiyasını tam yerinə yetirmir".