Tbilisidə 15 yaşlı azərbaycanlı bıçaqlandı - Anası detalları açıqladı
Gündəm
Tbilisinin Vaşlicvari qəsəbəsində 15 yaşlı Əli Mehtiyev ağır bıçaq xəsarətləri alıb.
News24.az xəbər verir ki, hadisə qonşular arasında yaranan mübahisə zamanı baş verib.
Yeniyetmənin anası Sevinc Quliyevanın sözlərinə görə, hadisə oğlu işdən qayıtdıqdan sonra dostu ilə birlikdə küçəyə çıxarkən yaşanıb.
Qadın iddia edib ki, təxminən 55 yaşlı qonşu oğluna yaxınlaşaraq onların Azərbaycan dilində danışmasına irad bildirib və təhqiredici ifadələr işlədib.
“Oğlum işdən gəlib dostu ilə küçəyə çıxarkən 55 yaşlarında olan qonşumuz ona yaxınlaşaraq “Niyə Azərbaycan dilində danışırsınız, ay tatarlar?” deyib. Oğlum da cavab verib ki, “Sən kimsən ki, danışanda səndən icazə alaq?” Bundan sonra həmin şəxs oğlumun başına toqqa ilə vurub və aralarında əlbəyaxa dava başlayıb”, – deyə Sevinc Quliyeva bildirib.
Onun sözlərinə görə, qarşıdurma zamanı həmin kişinin 26 yaşlı oğlu da hadisəyə qoşulub.
“Atası oğlumun əl-qolunu tutub, kişinin 26 yaşlı oğlu da Əliyə 5 bıçaq zərbəsi vurub. Oğlum onların əlindən qaçaraq təxminən 400 metr aralıda yerə yıxılıb və 1 litrdən çox qan itirib”, – deyə zərərçəkənin anası qeyd edib.
Sevinc Quliyevanın sözlərinə görə, Əli Mehtiyev bel nahiyəsindən, dalağından, ürəyinin alt hissəsindən və ayağından bıçaq xəsarətləri alıb.
Hazırda yeniyetmə reanimasiya şöbəsində müalicə alır. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.
Zərərçəkənin anası bildirib ki, yaşadıqları küçədə çox sayda azərbaycanlı ailələr yaşayır və hadisədə adı hallanan şəxs əvvəllər də azərbaycanlı sakinlərə qarşı təhqiramiz ifadələr işlədib, onlarla münaqişələr yaşayıb.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisə ilə bağlı 26 yaşlı şəxs saxlanılıb.
Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi (yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən ağır bədən xəsarəti yetirmə) ilə istintaq aparılır.
Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb./İnterperess.ge/