"Qapını açan olmayıb..." - Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətlinin təfərrüatı - VİDEO

"Qapını açan olmayıb..." - Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətlinin təfərrüatı - VİDEO Gündəm

Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız öldürülüb.

News24.az xəbər verir ki, bu barədə məlumatı “Sapari” təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb.

Bildirilib ki, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova xüsusi amansızlıqla qətlə yetirilib.

B.Pataraia qeyd edib ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis onun yaşadığı mənzilin qapısını sındıraraq içəri daxil olub və orada qızın cəsədini tapıb. Onun verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb.

“Sapari” təşkilatının rəhbəri yazır ki, artıq prokurorluğa müraciət edib və qurumdan qətlə yetirilən qızın bacısının adından işə cəlb olunmaları tələb edilir.

“Bir neçə gün əvvəl rusiyalı bir bloqer (influenser) instaqramda mənimlə əlaqə saxladı və bu dəhşətli femisid (qadın qətli) hadisəsini araşdırmağımı, sonra isə ictimaiyyətə çatdırmağımı xahiş etdi.

Hadisə belə olub: Azərbaycandan olan gənc, gözəl və yetim bir qızı sevgilisi aldadaraq Gürcüstana gətirib. Ona “Gürcüstanda birlikdə yaşayarıq və işləyərik” deyib. Buna qədər isə qohumları bu qızı başqa birinə nişanlayıbmışlar, həmin şəxs qızdan borc pul alıb və geri qaytarmayıb. Qısası, qız sevgiyə və yeni bir həyata inanaraq bura gəlib. Vəd olunan iş alınmayıb. Pulları bitən kimi sevgilisi qızın “IPhone” telefonunu lombarda qoyub, bundan əvvəl isə onu amansızcasına döyərək küçəyə atıb və özü təkbaşına Azərbaycana qayıdıb.

Döyülmüş və yad bir ölkədə köməksiz qalmış azərbaycanlı qıza xeyirxah bir erməni qadın sahib çıxıb. Rahat ünsiyyət qura bilsinlər deyə öz azərbaycanlı rəfiqəsini də bura gətirib və qızın qohumları ilə zəngləşməsinə kömək edib. Qızın gənc bir kişi qohumu gəlib və “Mən onun üçün mənzil kirayələyəcəyəm, bir neçə aydan sonra vəziyyət sakitləşəndə isə onu Azərbaycana aparacağam” deyərək qızı aparıb.

Sanki hər şey qaydasında idi, lakin qız tezliklə yoxa çıxıb. Azərbaycandakı 19 yaşlı bacısı onu axtarmağa başlayanda həmin qadına zəng edib və deyib: “İkinci gündür onunla əlaqə saxlaya bilmirəm, bəlkə, mənzilinə gedib baxasınız”. Qadın mənzilə yollanıb, qapını açan olmayıb. Qonşulardan öyrənib ki, ötən gecə mənzildən güclü dava-dalaş səsi gəlirmiş (Təbii ki, polisə heç kim zəng etməyib. Bu ölkədə bunu hələ də öyrənə bilmədik).

Həmin qadın polisə zəng edib, polis qapını sındırıb və mənzildə qızın cəsədini tapıb. Qatil Türkiyəyə qaçıb. Hazırda axtarış elan olunub.

Bu gün səhər prokurorluğa müraciət etmişik, order göndərib və işə cəlb olunmasını tələb etmişik. İndi prokurorun qərarından asılıdır ki, bizə bu işdə hüquqşünas kimi iştirak etməyə icazə veriləcək, ya yox. Çünki mərhumun yeganə ailə üzvü Azərbaycandadır və ilk növbədə onun hüquqi varis kimi tanınması lazımdır.

Heç bir şeyin ört-basdır olunmaması, gizlədilməməsi və qatilin cəzasız qalmaması üçün biz səsimizi ucaltmalıyıq! Gürcüstan və xarici mediaları bu işi araşdırmağa çağırıram. Prokurorluğu mərhumun bacısının adından bizi işə cəlb etməyə çağırıram ki, bu işin materiallarını öyrənmək imkanımız olsun”, - deyə B.Pataraia yazıb.

Gürcüstan mediasında yayılmış digər məlumata görə, hadisə bu il iyunun 26-sı baş verib. Kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı Fatimə Kərimova həmin evdə xalası oğlu tərəfindən girov kimi saxlanılıb. Xəbərlərdə onun 21 yaşlı xalası qızını iki həftə ərzində mənzildə kilidli saxladığı, vəhşicəsinə döydüyü, daha sonra isə boğaraq öldürdüyü yazılıb.//qafqazinfo.az