Şirvanda timsahlar neçə peyda olub? - AÇIQLAMA
Gündəm
Azərbaycanda Baş Şirvan kollektorunda iki timsahın olduğu iddia edilən video sosial şəbəkələrdə geniş müzakirə yaradıb.
Kadrlarda suda timsahların üzdüyü görünür. Görüntülər qısa zamanda viral olub. Eyni zamanda hər kəsdə suallar yaradıb.
Doğrudanmı Azərbaycanda timsah var? Bu canlılar bizim təbiətdə yaşaya bilərmi?
Məsələ ilə bağlı News24.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov bildirib ki, Azərbaycanın iqlim və təbii şəraiti timsahların yaşaması üçün uyğun deyil.
"Timsahların ölkəmizdə təbii şəkildə məskunlaşması və çoxalması mümkün hesab edilmir. Azərbaycanda bu heyvanların təbii şəraitdə yaşaması və burada böyüyərək populyasiya formalaşdırması qeyri-mümkündür. Timsahlar əsasən tropik və subtropik iqlim qurşaqlarında, ABŞ-nin bəzi ştatlarında, Afrika, Asiya və Avstraliyanın isti bölgələrində yaşayırlar. Azərbaycanın iqlim şəraiti isə bu canlıların həyat fəaliyyəti üçün əlverişli deyil".
Dosent bildirib ki, hansısa şəxsin timsahı xaricdən gətirərək şəxsi təsərrüfatında saxlaması mükün ola bilər. Lakin ölkəyə gətirilən bütün canlılar müvafiq nəzarət və yoxlamalardan keçir:
“Bu baxımdan timsahların ölkə ərazisinə gətirilərək təbiətə buraxılması ehtimalı olduqca azdır. Həmin görüntünün Azərbaycanda baş verməsi bu səbəbdən də inandırıcı deyil”.