"Troslar vaxtında yoxlanılmayıbsa..." - Deputatdan "Şəki Yaylası"ndakı hadisəyə sərt reaksiya

"Troslar vaxtında yoxlanılmayıbsa..." - Deputatdan "Şəki Yaylası"ndakı hadisəyə sərt reaksiya Gündəm

Xəbər verdiyimiz kimi, “Şəki Yaylası” istirahət mərkəzində baş verən faciə iki nəfərin həyatına son qoyub. İddialara görə, trosunun qırılması nəticəsində 27 yaşlı Ucal Bayramov və 31 yaşlı Coşqun Məmmədov həyatını itirib.

Qeyd edək ki, ilkin məlumatda sözügedən istirahət məkanında kanatın trosunun qırılması nəticəsində Coşqun Məmmədovun yerə düşməsi, Ucal Bayramovun isə qopmuş trosun ona zərblə dəyməsi nəticəsində həlak olduqları bildirilmişdi.

Sonra hər iki şəxsin kanatdan istifadə edərkən trosun qırılması nəticəsində vəfat etdikləri açıqlandı.

Məsələ ilə bağlı News24.az-a fikirlərini bölüşən deputat Aqil Abbas bildirib ki, hadisənin bir neçə səbəbdən baş verməsi mümkündür. Onun sözlərinə görə, hazırda araşdırma aparılır və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparırlar:

“Hadisənin hansı səbəbdən baş verdiyi araşdırma nəticəsində məlum olacaq. Ola bilər ki, troslar vaxtında yoxlanılmayıb. Əgər troslar yoxlanılmayıbsa, bu şəxslərə necə icazə verilib ki, ora çıxsınlar? Ola bilər, hadisə vəfat edən şəxslərin öz səhlənkarlığı səbəbindən baş verib. Lakin mənə daha çox trosların qırılması ehtimalı inandırıcı gəlir. Çünki belə istirahət məkanlarında istifadə olunan troslar mütəmadi və vaxtında yoxlanılmalıdır. Bu hadisə cəmiyyətdə geniş rezonans doğurub. İstənilən halda belə qurğulardan istifadə edən şəxslər diqqətli olmalı, təhlükəsizlik qaydalarına ciddi əməl etilməlidir”.