Türkiyədə Azərbaycanla bağlı sual gündəm oldu: Deputatdan REAKSİYA

Türkiyədə Azərbaycanla bağlı sual gündəm oldu: Deputatdan REAKSİYA Gündəm

Türkiyənin TRT1 kanalında yayımlanan “3-də 3” adlı televiziya verilişində səsləndirilən bir sual sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Pul mükafatı qazandıran proqramda iştirakçılardan birinə “Qardaş ölkə Azərbaycanın bayrağında neçə rəng var?” sualı ünvanlanıb.

Lakin cavab variantlarından birində Azərbaycan bayrağında 4 rəngin olduğu göstərilib. İştirakçının məhz bu variantı seçməsi və cavabın doğru kimi qəbul edilməsi sosial şəbəkələrdə geniş rezonans doğurub.

Mövzu ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında müxtəlif fikirlər səsləndirilib. Bəzi izləyicilər Azərbaycan bayrağının üç rəngdən ibarət olduğunu vurğulasa da, digərləri aypara və səkkizguşəli ulduzun ağ rəngdə olmasını əsas gətirərək bunun ayrıca rəng kimi qəbul edilə biləcəyini bildirib.

Mövzu ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu kimi mövzularda yanaşma daha dəqiq və məsuliyyətli olmalıdır:

"Azərbaycan bayrağının rəngləri ilə bağlı məsələ tam aydındır və əlavə müzakirəyə ehtiyac yoxdur. Hamıya məlum olduğu kimi, Azərbaycan bayrağı üç əsas rəngdən ibarətdir və bu rənglərin hər biri konkret məna daşıyır. Bayrağımızdakı rənglərin hər birinin özünəməxsus izahı var. Göy rəng türk mənşəyimizi, qırmızı müasirlik və inkişafı, yaşıl isə islam mədəniyyətinə bağlılığımızı ifadə edir. Bu baxımdan bayrağımızın üçrəngli olması həm tarixi, həm də ideoloji tərəfdən tam əsaslandırılıb".

Deputat qeyd edib ki, burada hər hansı əlavə müzakirəyə ehtiyac yoxdur:

"Bu kimi məsələlərdə fərqli yozumlara yol vermək düzgün deyil və mövzuya daha çox rəsmi və qəbul olunmuş yanaşma çərçivəsində baxılmalıdır. Əgər məsələ bayrağın rəsmi xüsusiyyətləri prizmasından qiymətləndirilirsə, burada söhbət yalnız üç rəngdən gedə bilər. Digər yanaşmalar isə sadəcə fərdi fikirlərdir və bu, məsələnin mahiyyətini dəyişmir. Hər birimiz bilməliyik ki, Azərbaycan bayrağı üç rəngdən ibarətdir və bu rənglərin hər birinin dəqiq və dəyişməz mənası var”.

Deputatın sözlərinə görə, verilən sual məntiqi yanaşma ilə bağlı ola bilər:

"Ola bilsin ki, sual verilərkən məntiqi bir yanaşma olub. Aypara və ulduzun ağ rəngdə olması ayrıca rəng kimi qəbul edilib. Amma istənilən halda bayrağımız üçrənglidir və bu, dəyişməzdir".