Türkiyədə məktəblərə ardıcıl hücumlar: psixoloji böhran, yoxsa təxribat?
Gündəm
Son günlər Türkiyədə məktəblərdə baş verən silahlı hücumlar ölkədə ciddi narahatlığa səbəb olub. Baş verənlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Hücum zamanı bir çox şagird və müəllimlər həyatını itirib. Bəzi uşaqlar isə hadisənin psixoloji təsirindən çıxa bilmirlər.
Bəs, Türkiyədə baş verən bu hadisələrə səbəb nədir? Bu insidentlərin arxasında hansısa xarici qüvvələr dayana bilərmi ?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, bu hadisələr əslində müasir dövrün yan təsirlərinin nəticəsidir: "Azərbaycanda da diqqət etsək, belə bir hadisə baş verdi və yaxşı ki, ölüm faktı qeydə alınmadı.
Digər tərəfdən, binalardan özlərini ataraq həyatlarını sonlandıran insanların həyat yoluna nəzər salsaq, görərik ki, əksər hallarda bunu ölümə aparacaq ciddi və əsaslı səbəblər olmur. Lakin onların psixoloji durumu belə bir ağlasığmaz qərar vermələrinə səbəb olur.
Bu baxımdan, məsələ geniş yayılmış psixoloji natamamlıq problemi kimi qiymətləndirilə bilər və bunun ağır nəticələrini hamımız müşahidə edirik. Bu isə müəyyən çətinliklər yaradır.
Bu prosesləri yalnız Türkiyə ilə əlaqələndirmək də doğru deyil. Məsələn, Amerika Birləşmiş Ştatlarında da tez-tez müşahidə olunur ki, psixoloji vəziyyəti yerində olmayan şəxslər məktəblərə və ya müxtəlif məkanlara hücum edirlər.
Ona görə də bu cür hallara ümumi şəkildə baxılmalı və zorakılığı təbliğ edən proseslərin yan təsiri kimi qiymətləndirilməlidir. Bunlar xoşagələn hallar deyil, lakin ciddi narahatlıq doğuran səbəbləri mövcuddur. Bu səbəbdən də məsələnin ən azı sosioloji və psixoloji baxımdan təhlil olunmasına ehtiyac var".