Turnirdə zədələnən deputatların son durumu - Açıqlama
Gündəm
Türkiyənin Antalya şəhərində 1–5 aprel tarixlərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə keçirilən Türk Dünyası Parlamentlərarası Futbol Turnirinin oyununda Azərbaycan Milli Məclisinin komandasının üzvü Kamran Bayramov və Fazil Mustafa zədələnib.
News24.az-a vəziyyətləri barəsində danışan deputat Fazil Mustafa qeyd edib ki, Kamran Bayramov ciddi zədə alıb:
"Kamran Bayramovun diz bağlarında ciddi problem var idi. Ehtimal olunur ki, əməliyyatdan sonra daha yaxşı olacaq. Hazırda isə vəziyyəti olduqca yaxşıdır.
Ümumilikdə isə Kamran Bayramov turnirdə çox fədəkarlıqlar etdi. Hətta 3 qol vuraraq yaxşı oyun nümayiş etdirdi. Ümid edirik ki, bundan sonra daha sağlam şəkildə meydançaya qayıda biləcək. Həkimlərimizin səyi nəticəsində daha güclü şəkildə ayağa qalxmasını diləyirik".
Deputat öz zədəsi barəsində də danışıb. O bildirib ki, zədəsini hazırda bərpa edib:
"Məndə əzələ problemi var idi. Ard-arda oynadığım üçün ayağım yüklənmişdi. Amma indi hər şey yaxşıdır, idmana başlamışam. Heç bir narahatlığım yoxdur".
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin komandası turniri fəxri ikinci yerdə başa vuraraq gümüş medala layiq görülüb.