Vardanyanın arvadını 5 ilədək həbs gözləyir - Qarabağa qanunsuz giribmiş
Gündəm
Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend 2022-ci ildə Qarabağa qanunsuz səfər etdiyini təsdiqləyib.
Bu barədə o, "Forbes Woman" jurnalına müsahibəsində deyib.
Rubeni sonuncu dəfə 2022-ci ilin payızında Xankəndidə görmüşdüm. "Artıq Xankəndidə idik, kiçik oğlumla onun yanına gəlmişdik", - deyə o qeyd edib.
News24.az xəbər verir ki, Unikal Zonabendin Azərbaycana gələcəyi təqdirdə baş verə biləcək mümkün hüquqi proseduru araşdırıb:
Onun Azərbaycana gələrək həyat yoldaşı ilə görüşmək istəməsi yeni hüquqi və siyasi sual doğurur. Zonabend Azərbaycan ərazisinə daxil olarsa, 2022-ci ildə Qarabağa qanunsuz səfərinə görə məsuliyyətə cəlb oluna bilər.
Məsələnin əsas hüquqi tərəfi Zonabendin Qarabağa səfərinin hansı marşrutla və hansı icazə ilə həyata keçirilməsidir.
Ermənistan və digər ölkələrin vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan bölgəyə daxil olması praktikada separatçı rejimlə əlaqələrin qurulması və onun fəaliyyətinin dəstəklənməsi kimi qiymətləndirilir.
Azərbaycan Cinayət Məcəlləsinin 318.1-ci maddəsi dövlət sərhədinin müəyyən edilmiş sənədlər olmadan və ya nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçilməsinə görə məsuliyyət nəzərdə tutur. Belə əmələ görə cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Ağırlaşdırıcı hallarda, o cümlədən qabaqcadan əlbir olan qrup və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, cəza beş ilədək azadlıqdan məhrumetmə ola bilər.
Bu baxımdan Zonabendin 2022-ci ildə Xankəndiyə səfərinin marşrutu və həmin səfər zamanı Azərbaycan dövlətinin icazəsinin olub-olmaması hüquqi baxımdan əsas məsələdir.
Əgər onun Azərbaycan ərazisinə həmin dövrdə dövlət sərhədini qanunsuz keçməklə daxil olduğu müəyyən edilərsə, bu fakt hüquq-mühafizə orqanları tərəfindən ayrıca hüquqi qiymətləndirilə bilər.
Zonabendin mümkün səfərinə əvvəlcədən təhlükəsizlik zəmanəti verilərsə, o, müəyyən razılıqlardan sonra həbsdə olan ərini görə bilər.
Lakin onun 2022-ci ildəki səfərinin araşdırma predmeti olması tamamilə mümkündür. Xüsusilə də həmin səfər Azərbaycan dövlətinin icazəsi olmadan həyata keçirilibsə.
Əgər Zonabend həqiqətən Bakıya gəlmək istəyirsə, ən real ssenari onun əvvəlcə Azərbaycan tərəfinin müəyyən etdiyi hüquqi və inzibati prosedurlara uyğun şəkildə ölkəyə giriş məsələsini həll etməsidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələr və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan fevralın 17-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.