Vətən qoxan film - “44”...
Gündəm
Pərviz Hüseyn yazır...
Numerologiyanın bəzi müasir məktəblərində 44 “Ustad rəqəm” (Master Number) hesab edilir. Ona bəzən “Master Builder” (Böyük qurucu) mənası da verilir.
İnanca görə, 44 rəqəmi güclü iradəni, böyük layihələr qurmağı, çətinliklərdən sonra uğur qazanmağı təmsil edir. Nə təsadüfdür ki, bizim qələbəmiz də məhz 44 günü əhatə etdi...
Bu məqamda qeyd edim ki, ötən günlərdə Heydər Əliyev Mərkəzində “44” bədii filminin təqdimatı keçirildi. Biz ən son müharibənin bitməsini, Qarabağın qayıtmasını belə həvəslə gözləyirdik. Hamının gözü yolda, fikri filmdə idi, görəsən, necə bir film çəkiblər? Bu qəhrəmanlığın, əzmkarlığın ekran həlli bizi hara aparacaq?
Bədii rəhbər və ssenari müəllifi Anar Ələkbərov üfüqdə görünür. Həyəcanlıdır, təlaşlıdır və içində qəribə bir fərəh var. Bunu üzündən hiss etmək olur.
Ölkənin müxtəlif siyasət, incəsənət, mədəniyyət nümayəndələri, kino xadimləri xəfif addımlarla kassaya yaxınlaşır, oturacaq nömrəsini götürür.
Mən də yaxınlaşıram, budur nömrəm “M 44”, xoş təsadüfdür...
Qayıdıram 2020-ci ilə... Qardaşımı cəbhəyə yola saldığım günə. Anamın təlaşlı günlərinə, hamı üçün Vətənin daha ümdə olduğu günlərə...
İçimdə qəribə bir fərəh, həm də kədər var. Filmin yayımı üçün zala toplaşırıq. Kimi aramla, kimi oğrun-oğrun oturacağına yaxınlaşır.
Səhnədə aparıcı görünmür, onun yerinə titrlər danışır. Təşkilatçıların düşündüyü incə məqamın mesajı budur əslində - hər kəs bu hekayəni özününküləşdirə bilsin. Başqasının səsini duymadan, sakit və incə mesajlarla.
Öncə filmin soundtrekləri səsləndirilir, daha sonra isə film başlayır.
Biz müharibənin nəticəsini bilirik. Filmin sonunu da bilirik. Amma insan yenə də həyəcanlanır. Yenə də kövrəlir. Çünki burada əsas məsələ sonluğun necə bitməsi deyil, o sonluğa hansı bədəllərlə çatılmasıdır.
Xəyali hərbçimiz Rəşad Xəlilovu ekranda görürürük, obrazı xəyalidir, yaşanılanlar isə gerçək. Zeynep Özdemiri sevir, şəfqət bacısı Zeynepi... Türkiyədən gəlib könüllü Gəncəyə yollan Zeynep Rəşadın həm sevgisi, həm də nigaranlığı ilə ona daha yaxın olmaq istəyir. Rəşad da sevdiyinə qovuşmaq istəyir, lakin Zeynepdən daha öndə Vətəndir. Rəşad Vətəni daha çox sevir, məhz buna görə illərlə əzmlə, vüqarla çalışır. İstədiyi zirvəyə çatmaq üçün məşəqqətli yollardan keçir.
Bu mətni yazanda fonda Tünzalə Ağayevanın “İgidlər” mahnısı səslənir. Filmdə gördüyümüz, realda tanıdığımız, şanı-şöhrəti el-obaya yayılan igidlərin hekayəsidir “44”.
Filmdə Azərbaycanın hərbi və siyasi gücü nümayiş etdirilir. Ali Baş Komandan İlham Əliyevi də kadrlarda görürük. Zəfərə gedən yolda siyasi iradəsi, düşməni tanıma qabiliyyəti, əzmi və göstərdiyi cəsarətlə o da bu salnamənin əsas hissəsi kimi yer alır.
Film davam edir, ara-sıra göz yaşımı silirəm. Ancaq mən tək deyiləm, hamı mənim kimidir, tarixi günlərimizi yad edir, ab-havaya düşür, yalnız fəxarətlə xatırladığımız igidlərin şəhidliyə ucalma anlarına şahidlik edirik.
Nadir Rüstəmlinin canlandırdığı obrazın toyuna fərəhlənirik, ölüm xəbərində yaşlar gözümüzdə muncuqlanır. Dəfn mərasimində həyat yoldaşının onun cənazəsinə girməsi isə ürəyimizi dağlayır.
6 il öncə qardaşı Elton, həyat yoldaşı Adil şəhid olan Nargülün hekayəsidir bu. İllər öncə ondan müsahibə alarkən yaşadığı ağrını, acını, həyat yoldaşına sonuncu dəfə yaxın olmaq istədiyi üçün onu çiynində daşıdığını ürək ağrısı ilə danışmışdı Nargül... Onu və övladlarını xatırlayıram. Azərbaycan kişiləri ilə bərabər, qadınlarının da necə güclü olması xüsusi vurğulanır.
Filmdə qeyd etməli çox məqam var, lakin min eşitməkdənsə, hər saniyəsi Vətən qoxan bu filmi bir dəfə görmək daha yaxşıdır.
Filmdəki hərbçilərimizi canlandıran aktyorlarımız hamısı öz rolunu çox yaxşı oynayıb. İbrahim Çingiz Rəşad Xəlilovu canlandırmaqla aktyor oyununda özünü bir liqadan daha yüksək liqaya daşıyıb.
Ancaq günlərdir əsəbimin soyumadığı tək bir nəfər var. Hansı ki, onu bir qaşıq suda boğa bilərəm. Bu, aktyor Hikmət Rəhimovdur. Rəhimov Məlik Dadaşovdan sonra erməni obrazını elə canlandırıb ki, ona nifrət etməmək mümkün deyil. Bu peşəkar oyununa görə ona təşəkkür düşür!
Film bitir, pərdə yuxarı qalxır və əsl qəhrəmanlar – Şəhid anaları səhnəyə çıxır. Bu qədər incə və təsiredici məqamı kim düşünübsə, ona möhkəm, premyeradakı kimi dəqiqələrcə bitməyən alqışlar lazımdır.
Sonda isə onu deyim ki, böyük qəhrəmanlıq hekayələri yalnız döyüş meydanında yazılmır. Bəzən bir ananın gözləməyində, bir insanın sevdiyindən ayrılmağında, bir əsgərin qorxusuna qalib gəlməyində gizlənir.
“44” məhz bu hissləri ekrana daşımağa çalışıb.
Bu filmin ərsəyə gəlməsi Azərbaycan kinosu üçün də əhəmiyyətli hadisədir. Çünki bizim yalnız danışmağa böyük tariximiz deyil, onu böyük ekranlara daşımağa layiq hekayələrimiz də var.
Və ən əsası, biz bu hekayələri özümüz danışmalıyıq.
Bu tarixi yazanlara sonsuz minnətdarlıq, onu kino yaddaşına çevirənlərə təşəkkür.




