Wuf13 forumunda BMT- yə üzv olan 193 ölkənin iştirakı gözlənilir
Gündəm
"17–22 may tarixlərində Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) urbanistika sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biridir. Forum UN-Habitat tərəfindən təşkil olunur və sayca 13-cü sessiyadır".
News24.az xəbər verir ki, bu sözləri bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən növbəti məlumatlandırma sessiyası zamanı jurnalistlərə açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN - Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina deyib.
Onun sözlərinə görə, tədbirin əsas mövzusu qlobal mənzil problemləri və şəhərsalma sahəsində mövcud çağırışlardır:
"Dünyada milyonlarla insanın mənzil çatışmazlığı ilə üzləşməsi, qeyri-rəsmi yaşayış şəraitində yaşaması bu məsələnin aktuallığını daha da artırır. Forum çərçivəsində bu problemlərin həlli yolları, dayanıqlı şəhər inkişafı və müasir urbanistik yanaşmalar geniş şəkildə müzakirə olunacaq.
Forumda BMT-yə üzv 193 ölkənin nümayəndələrinin iştirakı gözlənilir. Müxtəlif ölkələrdən nazirlər, şəhər rəhbərləri və digər rəsmi şəxslər panel müzakirələrdə, təqdimatlarda və görüşlərdə iştirak edəcəklər.
Tədbir çərçivəsində "Urban Expo" sərgisi keçiriləcək. Sərgidə ölkələr öz şəhərsalma layihələrini, innovativ həllərini və inkişaf proqramlarını təqdim edəcəklər. Azərbaycan da xüsusi pavilyonlarla təmsil olunaraq öz təcrübəsini nümayiş etdirəcək.
Bununla yanaşı, Urban Practices Hub platformasında müxtəlif ölkələrin layihələri təqdim olunacaq, iştirakçılar arasında fikir mübadiləsi aparılacaq və yeni əməkdaşlıq imkanları müzakirə ediləcək.
Ümumilikdə, bu forum Azərbaycanın beynəlxalq səviyyədə təcrübəsini təqdim etməsi, yeni tərəfdaşlıqlar qurması və qlobal şəhərsalma problemlərinin müzakirəsində fəal iştirak etməsi baxımından mühüm əhəmiyyət daşıyır".