"WUF13 yüksək səviyyədə təşkil olunub"
Gündəm
“Ev sahibi olan Azərbaycana təşəkkür edirik. Forum yüksək səviyyədə təşkil olunmuşdu. Bu tədbir yerli idarəetmələrin bir araya gələrək mərkəzi hökumətlər və qlobal çağırışlarla bağlı məsələləri müzakirə etdiyi mühüm beynəlxalq platformadır”.
Bu fikirləri News24.az-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunu (WUF13) dəyərləndirən Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay bildirib.
O qeyd edib ki, həm Konya Böyükşəhər Bələdiyyəsinin sədri, həm Türk Dünyası Bələdiyyələr Birliyinin rəhbəri, həm də Dünya Bələdiyyələr Birliyinin icraedici prezidenti kimi forum çərçivəsində müxtəlif təqdimatlarla çıxış edib:
“Xüsusilə şəhərimizdə sosial sahədə həyata keçirdiyimiz layihələri təqdim etmək imkanı əldə etdik. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri – 2030 hədəfləri çərçivəsində yerli idarəetmələrin gördüyü işləri iştirakçılarla bölüşdük. Forum çərçivəsində çox səmərəli dialoq mühiti formalaşdı. Ümid edirik ki, burada aparılan müzakirələr və əməkdaşlıq təşəbbüsləri şəhərlərdə yaşayan insanların həyatına müsbət təsir göstərəcək”.
Uğur İbrahim Altay Bakı ilə bağlı təəssüratlarını da bölüşüb:
“Bu, Bakıya üçüncü səfərimdir. Hər gəlişimizdə şəhərin daha da inkişaf etdiyini və gözəlləşdiyini görürük. Xüsusilə İçərişəhərdə aparılan bərpa işləri və gecə işıqlandırması çox uğurludur. Əməyi keçən hər kəsə təşəkkür edirəm.
Biz burada özümüzü heç vaxt yad hiss etmirik. "Tək millət, iki dövlət" prinsipi sayəsində Azərbaycanda öz evimizdəki kimi rahatıq. Azərbaycanlı qardaşlarımız səfərimiz boyunca bizə hər cür dəstək göstərdilər”.