"Xankəndidə 24 minə yaxın vətəndaşımız yaşayır" - Elçin Yusubov
Gündəm
“Xankəndi, Xocalı və Ağdərə rayonlarında 30 illik işğal dövründə heç bir infrastruktur işi görülməmişdi. Həmin ərazilərdə qaz təchizatı yox idi, kanalizasiya sistemi isə tamamilə yararsız vəziyyətdə idi. Biz bütün bunları nəzərə alaraq geniş plan hazırladıq və möhtərəm cənab Prezidentin tapşırığı ilə həmin layihələr həyata keçirildi”.
News24.az xəbər verir ki, bu fikirləri Xankəndi, Xocalı və Ağdərə rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, həmin problemlərin həlli istiqamətində işlər aparılarkən qəzalı və şəhərin ümumi görünüşünə mənfi təsir göstərən tikilələrlə bağlı aidiyyəti qurumların rəyləri alınıb və yüzlərlə tikilinin söküntüsünə başlanılıb:
"Daha sonra həmin rayonlarda müasir şəhərsalma layihələrinin icrasına start verilib.
İlk növbədə, Ağdam–Şuşa avtomobil yolunun tikintisinə başlanılıb. Hazırda işlər davam edir və layihə yekunlaşmaq üzrədir.
Bununla yanaşı, Ağdam–Xankəndi dəmir yolu layihəsində layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin isə 50 faizi artıq tamamlanıb.
Həmçinin Xankəndi, Xocalı və Ağdərə rayonlarında bir neçə elektrik stansiyası inşa edilib. İnfrastruktur layihələrindən sonra ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılıb.
Hazırda Xankəndi şəhərində 24 minə yaxın vətəndaş yaşayır. İşğaldan azad olunmuş ərazilər arasında ən sıx yaşayış məntəqəsi məhz Xankəndidir. Buna uyğun olaraq şəhərdə nəqliyyat infrastrukturu formalaşdırılıb, eyni zamanda Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bundan başqa, şəhərdə 25-ə yaxın hotel fəaliyyət göstərir".