Yüksək qiymət dalğası: Vətəndaşlar qızıllarını niyə satırlar?
Gündəm
Qızılın dünya bazarında qiymətinin rekord həddə çatmasından sonra sosial şəbəkə platformalarında əlindəki qızılı satmaq və ya dəyərini öyrənmək istəyənlərin sayında artım müşahidə olunur. Xüsusilə illər əvvəl alınmış və hazırda dəbdən düşmüş modellərə uyğun qızıl zinət əşyalarının satış üçün təklif edilməsi daha çox diqqət çəkir. Bir çoxları mövcud yüksək qiymətdən faydalanaraq istifadə etmədikləri qızıl-zinət əşyalarını pula çevirməyi və gələcəkdə qiymət enişi zamanı yenidən almağı planlaşdırır, bəziləri isə sadəcə maraq üçün qiymət soruşur.
Mövcud tendensiyanın səbəblərinə aydınlıq gətirən "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov News24.az-a açıqlamasında bildirib ki, bu marağın əsas səbəbi qızılın dünya bazarında qiymətinin artmasıdır. Onun sözlərinə görə, qiymət artımı insanların sahib olduqları qızıl məmulatlarının real bazar dəyərini öyrənmək istəyini gücləndirir:
"Əksər hallarda vətəndaşlar qızıllarının dəqiq dəyəri barədə məlumata malik olmadıqları üçün sosial şəbəkə platformalarında ilkin qiymətləndirmə almağa üstünlük verirlər. Bu tendensiya isə xüsusilə qızılın qiymətində dalğalanmaların intensiv olduğu dövrlərdə daha qabarıq şəkildə özünü göstərir. Digər tərəfdən, sosial şəbəkə platformalarındakı bu cür paylaşımlar bəzi şəxslərin qızıl məmulatlarını satmaq niyyətindən qaynaqlana bilər. İnvestisiyanı nağd vəsaitə çevirmək istəyi və ya mövcud yüksək qiymət səviyyəsindən maksimum faydalanmaq düşüncəsi vətəndaşları bu addımı atmağa sövq edir. Eyni zamanda, qızılın qiymətinin gələcəkdə enə biləcəyi ehtimalını nəzərə alan müəyyən qrup insanlar hazırkı yüksək qiymət mərhələsində satışa üstünlük verirlər".
O qeyd edib ki, qızıl beynəlxalq miqyasda etibarlı və təhlükəsiz investisiya aləti kimi qəbul edilir:
"Qızılın qiyməti əsasən qlobal iqtisadi proseslər, valyuta bazarlarında baş verən dəyişikliklər, inflyasiya səviyyəsi və geosiyasi amillərin təsiri ilə formalaşır. Qısamüddətli qiymət dalğalanmaları mümkün olsa da, uzunmüddətli perspektivdə qızılın kəskin ucuzlaşma ehtimalı adətən aşağı qiymətləndirilir. Nəticə etibarilə, sosial şəbəkə platformalarında bu tip paylaşımlar həm məlumatlanma ehtiyacının, həm satış niyyətinin, həm də bazarda baş verə biləcək dəyişikliklərə qarşı qabaqlayıcı davranışın təzahürü kimi dəyərləndirilə bilər".