Zəlzələ ilə bağlı mühüm xəbər: Güclü yeraltı təkanlar gözlənilirmi?
Gündəm
Son günlər Şamaxı rayonunda ardıcıl olaraq qeydə alınan zəlzələlər əhali arasında ciddi narahatlıq yaradıb. Tarixən seysmik cəhətdən aktiv zona kimi tanınan bu bölgə müxtəlif dövrlərdə dağıdıcı zəlzələlərlə üzləşib. Narahatlığı artıran əsas məqam isə yeraltı təkanların ardıcıl xarakter daşımasıdır. Bu gün yerli vaxtla saat 03:07-də Şamaxı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. Ondan bir gün əvvəl isə Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli saatla 18:55-də baş verən zəlzələnin maqnitudası 3.8 olub. Qısa zaman intervalında baş verən bu seysmik hadisələr bölgədə yaşayan insanların təhlükəsizliklə bağlı narahatlıqlarını daha da gücləndirib.
Bəs seysmik cəhətdən aktiv olan bu ərazidə yeni zəlzələlər gözlənilirmi?
Məsələ ilə bağlı News24.az-a danışan Geologiya və Geofizika İnstitutunun (GGİ) Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev bildirib ki, Şamaxı–İsmayıllı zonası Azərbaycanın seysmik və tektonik baxımdan ən aktiv ərazilərindən biridir:
"Bu region tektonik quruluşuna görə ölkənin bir sıra digər ərazilərindən fərqlənir və burada vaxtaşırı zəlzələlərin baş verməsi təbii proses kimi qiymətləndirilməlidir. Son günlər qeydə alınan zəlzələlər məhz bu tektonik aktivliyin real təzahürüdür. Əvvəlki təkanlar artıq hiss olunan mərhələyə keçmişdi və bu, regionun oyandığını göstərirdi. Sonrakı zəlzələlər isə toplanmış enerjinin müəyyən hissəsinin boşalmasına baxmayaraq, ərazidə hələ də dinamik seysmik proseslərin davam etdiyini sübut edir".
Mütəxəssis vurğulayıb ki, Şamaxı–İsmayıllı zonasında çoxsaylı tektonik qırılmalar mövcuddur və bu qırılmaların aktivliyi son dövrlərdə artıb:
"Məhz bu səbəbdən seysmik proseslər yalnız bu ərazi ilə məhdudlaşmaya bilər. Yaranmış aktivlik gələcəkdə Şəki–Oğuz seysmik zonasına təsir göstərə, eyni zamanda Quba–Şabran istiqamətində paylana bilər. Hətta Aran zonasına qədər yayılma ehtimalı da istisna edilmir, çünki bu ərazilər bir-biri ilə tektonik baxımdan əlaqəlidir və zəlzələlər kiçik olsa belə, qonşu regionlara təsir göstərə bilər".
Qulam Babayev əlavə edib ki, Hacıqabul ərazisindən də iri tektonik qırılma xətti keçir və bu da ümumi seysmik mənzərənin formalaşmasında rol oynayır. Bununla belə, o, əhali arasında panikaya əsas olmadığını vurğulayıb. Mütəxəssisin sözlərinə görə, dağıdıcı zəlzələ gözlənilmir, lakin bölgədə hiss olunan zəlzələlərin baş verməsi qaçılmazdır və bu, təbii geoloji proseslərin davamı kimi qəbul edilməlidir.
Mövzu ilə bağlı News24.az-a danışan Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də bildirib ki, hazırkı seysmik vəziyyət əhali üçün hər hansı ciddi təhlükə yaratmır:
"Azərbaycan seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün ölkə ərazisində hər gün müxtəlif sayda yeraltı təkanlar qeydə alınır. Bu təkanların bir qismi bəzən əhali tərəfindən hiss olunsa da, əksəriyyəti zəif olur və yalnız cihazlar vasitəsilə müəyyən edilir. Dünən axşam saatlarından bu günə qədər ümumilikdə 32 yeraltı təkan qeydə alınıb. Lakin həmin təkanların heç biri hiss olunmayıb və hər hansı dağıntıya və ya fəsada səbəb olmayıb. Bu da seysmik aktivliyin hazırda normal həddə olduğunu göstərir".
Baş direktor vurğulayıb ki, aparılan müşahidələr və mövcud seysmoloji məlumatlar əsasında yaxın günlər üçün güclü və dağıdıcı zəlzələ ehtimalı proqnozlaşdırılmır.