Bakıda həbsxanada öldüyü deyilən məhbusdan MÜRACİƏT
    • 21-10-2019, 12:12
    • 735

Bakıda həbsxanada öldüyü deyilən məhbusdan MÜRACİƏT

Bakıda həmyerlisini güllələmiş şəxs cəzasının azaldılması məqsədilə Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Dəmirli Mikayıl Hüseyn oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl mediada M.Dəmirlinin cəzaçəkmə müəssisəsində ölməsi barədə yalan məlumatlar yayılmışdı.

Onu da qeyd edək ki, hadisə 2017-ci il sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.

Həmyerlisi Mikayıl Dəmirli 12-ci Polis Bölməsinə gələrək hadisənin münaqişə zəminində onun tərəfindən törədilməsini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş "TOZ-12 markalı tüfəngi təhvil verib.

Birinci instansiya məhkəməsəi M.Dəmirliyə 12 il 6 ay müddətinə cəza kəssə də, Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 6 ilədək azaldıb.