Xaçmazda qəbiristanlıqdan mina və qumbaralar TAPILDI
    • 19-11-2019, 18:09
    • 1 435

Xaçmazda qəbiristanlıqdan mina və qumbaralar TAPILDI

Noyabrın 18-də saat 17:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xaçmaz rayonu, İzmayılovka qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda mərmiyə bənzər əşyanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan News24.az-a verilən xəbərə görə, məlumatın axşam saatlarında daxil olmasını nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları noyabrın 19-da həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Xaçmaz rayon Polis şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hər biri təlim məqsədli olmaqla 3 ədəd tank əleyhinə mina (UTM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (UMVÇ-62), 2 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı və 1 ədəd boş avtomat darağı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.