“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi BAŞLANILDI
    • 11-12-2019, 11:42
    • 760

“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi BAŞLANILDI

“EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı cinayət işi başlanılıb.

News24.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, nazirliyin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, FHN-in rəsmi məlumatına əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

Hadisə ilə bağlı bir neçə nəfər xəstəxanaya yerləşdiririlib.

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.