3 uşaq anası içib canlı yayımda söyüş söydü - SAXLANILDI
Hadisə
Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir tiktoker saxlanılıb.
News24.az xəbər verir ki, 31 yaşlı Masallı rayon sakini Samirə Baxışova (şərti adla) gecə saatlarında tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayımda isə nalayiq ifadələr işlədib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Buna görə də o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə inzibati protokol tərtib olunub.
3 uşaq anası olan S. Baxışova ifadəsində bildirib ki, çay evində işləyir. Gecə saatlarında işdən çıxandan sonra yemək yemək üçün restorana gedib. Bu zaman tiktokdakı səhifəsində canlı yayım açıb. Get-gedə izləyicilərinin sayı artıb və onlar Samirəni təhqir ediblər. Buna görə o da həmin şəxslərə qarşı nalayiq ifadələr işlədib, daha sonra isə canlı yayımı bağlayıb.
Samirə Baxışova hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib. O, əməlindən peşman olduğunu söyləyərək, barəsində cərimə növündə cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə S. Baxışova 700 manat məbləğində cərimələnib. /Lent.az/