Oqtay Gülalıyev sabah növbəti dəfə əməliyyat oluna bilər

Oqtay Gülalıyev sabah növbəti dəfə əməliyyat oluna bilər
HADİSƏ

09 yanvar 2020, 18:43

Mətn ölçüsü

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev qısa vaxtda yenidən əməliyyat olunacaq.

News24.az-ın məlumatına görə, İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gulalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə sabah Oqtay Gülalıyevin əməliyyat olunacağı gözlənilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcək əməliyyat zamanı xəstənin beynində maye yığılmasına qarşı şunt əməliyyatı aparılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.
Qeyd edək ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.
Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.
O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib. //APA