Səadət Sarayı ilə üzbəüz TARİXİ BİNANIN DİVARI SÖKÜLDÜ - EKSKLÜZİV - FOTOLAR - VİDEO
    • 23-01-2020, 18:07
    • 1 801

Səadət Sarayı ilə üzbəüz TARİXİ BİNANIN DİVARI SÖKÜLDÜ - EKSKLÜZİV - FOTOLAR - VİDEO

Bir neçə gün əvvəl Əhməd Cavad 6 küçəsində, məşhur Səadət Sarayı ilə üzbəüz yerləşən, 1 əsrdən çox tarixə malik olan və xüsusi qorunan binanın divarı sökülüb.

Tarixi binanın əsas divarının sökülməsinə sakinlər etirazlarını bildirirlər. Narazılıqlarını News24.az-a danışan bina sakinləri bildiriblər ki, söküntü işləri yaxınlıqda fəaliyyət göstərən “Şato” kafesinin təşəbbüsü ilə aparılıb. Bu da sakinlərin ciddi narazılığına səbəb olub. Baş verən hadisəylə bağlı News24.az-a danışan Nuridə Əliyeva (ad şərtidir) onu da əlavə edib ki, bu ünvanda yaşayan insanlar adıçəkilən kafedəki səs-küydən artıq zara gəliblər: “Hər axşam burada çox ciddi səs olur. Bu azmış kimi indi də bu kafenin ərazisini genişləndirmək üçün binamızın divarını sökürlər”.    

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı bina sakinləri 102 xidmətinə, eləcə də Fövqəladə Hallar Nazirliyi və Mədəniyyət Nazirliyinə müraciət ediblər. Aiddiyyatı qurumların əməkdaşları ötən gün ərazidə baxış keçiriblər. Binanın divarı hazırda bərpa olunsa da, tarixi abidə olaraq təmir olunmayıb. 

Onu da bildirək ki, məşhur “Məhəllə 1” filminin çəkilişi də burada aparılıb. Bina Mədəniyyət Nazirliyinin balansındadır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurumdan News24.az-ın sualına yaxın günlərdə açıqlama veriləcəyi bildirilib. 

Afaq Mirayiq