Azərbaycanda insanlara saxta xərçəng diaqnozu qoyan şəxslərin ŞOK ƏMƏLLƏRİ

Azərbaycanda insanlara saxta xərçəng diaqnozu qoyan şəxslərin ŞOK ƏMƏLLƏRİ
HADİSƏ

23 fevral 2020, 17:00

Mətn ölçüsü

Bir müddət əvvəl Lənkəran rayonunda insanlara saxta xərçəng diaqnozu qoyduqları üçün tutularaq məsuliyyətə cəlb edilən şəbəkə üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.


News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci, yəni, rüşvət alma - təkrar törədildikdə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Tağıyev İsrafil Salman oğlu Ali Məhkəmədən barəsindəki işə yenidən baxılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, Azərbaycanın cənub bölgəsində yaşayan onlarla adam onkoloji xəstə olmadığı halda, bu xəstəliklə təqaüdə çıxarılıb. Bu məsələ ilə əlaqədar xeyli adam həbs olunub.

 

Belə ki, həbs olunanlar arasında Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi Əli Əliyev, bu xəstəxananın həkim-onkoloqları İlyas Səmədov, Muştaba Dədəcanov, xadimə Sələmə Mirzəyeva, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimləri Hüsaməddin Əlicanov və Fərid Məmmədov, Lənkəranın Aşağı Nüvədi və Masallının Xırmandalı kəndlərində yaşayan İsrafil Tağıyev, Musa Əliyev olub.

İttihama görə, Sələmə Mirzəyevanın rəsmi işi xadiməlik olsa da, əslində, kompüter mütəxəssisi kimi fəaliyyət göstərib. Əlillik dərəcəsi almaq və ya dərəcəni dəyişmək istəyən və bu məqsədlə pul vermək istəyən adamları da o tapıb, sənədləri özü hazırlayıb. Söhbət adamlara onkoloji xəstəlikdən əziyyət çəkmələri, onlara təqaüd verilməsi üçün əsas yaradan sənədlərdən gedir.

Psixiatriya xəstəxanasının həkimləri də belə “müştərilər” tapıb vasitəçilik etməkdə ittiham olunur.

Sələmə Mirzəyeva istintaqda əvvəlcə baş həkimin bundan xəbərsiz olduğunu desə də, sonradan Əli Əliyevin əleyhinə ifadə verib. Sələmə Mirzəyevanın sözlərinə görə, pensiya almaq istəyənlərdən təxminən 2-3 min pul, yaxud da o dəyərdə əşya, əmlak (torpaq sahəsi) alıb, gətirib baş həkimə çatdırıb. Baş həkim də pulun əsas hissəsini özü götürüb, hər adama görə 100-200 manat da ona verib. Bu pulun müqabilində əlillik dərəcəsi almaq istəyən şəxs üçün 088№li forma üzrə saxta göndərişləri kompüterdə çap edib, Tibbi-Sosial Ekspert Komissiyasına göndəriblər.


Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev isə deyir ki, keçmiş içşisi Sələmə Mirzəyeva ona böhtan atır. Onun sözlərinə görə, Sələmə Mirzəyeva onu şərləməklə məsuliyyətdən yayınmaq istəyir: “Mən maxinasiyalarda iştirak etsəydim, yalançı xəstələri qeydiyyat jurnalına salardım, onlar üçün xəstəlik tarixləri açardım, lazım olan sənədləşmə işlərini aparardım, heç kim də heç bir irad tuta bilməzdi, işlərin üstü açılmazdı.


Sələmə Mirzəyeva isə bildirir ki, baş həkim əvvəlcə ondan adını çəkməməsini istəyib, söz verib ki, onu həbsdən qurtaracaq: “İfadə verməliydim ki, xəstələri əməliyyat etdiyi üçün özünün vaxtı olmadığına görə elektron imzanı mənə vermişdi”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Lənkəran Regional Onkologiya Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev 9 il, xadimə Sələmə Mirzəyeva 8 il 3 ay, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimi Fərid Məmmədov 8 il 6 ay, kənd sakinlərindən İsrafil Tağıyev 9 il, Musa Əliyev isə 8 il 3 ay azadlıqdan məhrum edilib. Onlar rüşvət alma, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə təqsirli biliniblər.