Güclü külək Ağcabədidə fəsadlar törədib
    • 26-02-2020, 02:00
    • 1 120

Güclü külək Ağcabədidə fəsadlar törədib

Fevralın 25-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrində bir sıra fəsadlar törədib.


Ağcabədi Rayon İcra Hakimiyyətindən New24.az xəbər verir ki, külək nəticəsində rayon ərazisində 30-dan artıq 0,4 və 10 kv-lıq elektrik dirəyi, Ağcabədi şəhərində ondan çox işıqlandırma dirəyi, 10-dan artıq iri ağac aşıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb. 


Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin idman zalının və peşə məktəbinin dam örtükləri tamamilə, Poladlı kənd tam orta, Avşar kənd 3 nömrəli ümumi orta məktəblərinin, Hacıbədəlli, Qaraxanlı kənd körpələr evi-uşaq bağçalarının dam örtüklərinin bir hissəsi, həmçinin vətəndaşlara məxsus 3 yaşayış evinin, 7 yardımçı binanın dam örtüyü, Qaravəlli kəndində 50 metr hasar uçub.


Şahsevən kəndində kənd sakininə məxsus yardımçı tikili və ot tayası, Sarıcalı kəndində ot tayası, Köyük kəndinə ot tayası, Cəfərbəyli kəndində yardımçı tikili, Təzəkənd və Pərioğullar kəndlərində kanal ətrafında qamışlıq yanıb. Xocavənd, Şahsevən və Təzəkənd kəndlərində telefon dirəkləri, Qaradolaq və İmamqulubəyli kəndlərində xeyli sayda çinar və həmişəyaşıl ağac aşıb.