Region qeydiyyatında olan sürücülərə məxsus avtomobilləri postdan keçirərkən saxlanılıb
    • 28-03-2020, 02:00
    • 624

Region qeydiyyatında olan sürücülərə məxsus avtomobilləri postdan keçirərkən saxlanılıb

Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan edilib. Bu müddətdə digər zəruri tədbirlərlə yanaşı, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı və Sumqayıt şəhərinə və Abşeron rayonuna giriş-çıxış məhdudlaşdırılıb.


News24.az xəbər verir ki, bu məqsədlə polis əməkdaşları paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda fəaliyyət göstərən stasionar postlarda gecə-gündüz xidmət aparırlar.


Bakı-Ələt yolunun 65-ci kilometrliyində yaradılan postda da Baş Dövlət Yol Polisi İdarəsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları rayondan gələn və şəhərdən rayona gedən avtomobilləri və onların sərnişinlərini yoxlayırlar. Rejim qaydalarını pozan avtomobil sahibləri və sərnişinlər geri qaytarılırlar. Karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 6-cı taqımının baş inspektoru, polis kapitanı Bakir Həsənov AZƏRTAC-a deyib: “Hazırda Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 65-ci kilometrliyindəki postda yoxlama zamanı əməkdaşlarımız aşkar ediblər ki, Qaradağ rayonunun Ələt qəsəbəsinin bir neçə sakini, rayonlardan gələn və geriyə qaytarılan avtomobillərin sürücüləri ilə danışığa gedərək şəhər qeydiyyatında olduqlarını və onların avtomobillərini postdan keçirəcəklərini bildirirlər. Əməkdaşlarımızın sayıqlığı nəticəsində bir neçə belə fakt aşkarlanıb.

 

Ələt qəsəbəsinin iki sakini region qeydiyyatında olan sürücülərə məxsus avtomobilləri postdan keçirərkən tərəfimizdən saxlanılıblar. Həmin şəxslər postu keçməyə cəhd etdikləri üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunub.


Qeyd edək ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-də saat 00:00-dan etibarən aprelin 20-də saat 00:00-dək Azərbaycan ərazisində xüsusi karantin rejimi elan olunub. Karantin rejiminə əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.