Döyüş “pitbull”ları burada saxlanılırmış - VİDEO

Döyüş “pitbull”ları burada saxlanılırmış - VİDEO
HADİSƏ / SOSİAL

29 may 2020, 16:31

Mətn ölçüsü

Azərbaycanda it döyüşlərində istifadə olunan “american stuff” və “pitbull” cinsli itlər mühafizə olunaraq sığınacağa yerləşdirilib. 

Bu barədə məlumatı Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov yayıb. Bildirib ki, fermada saxlanılan 8 cins it ərazidən götürülərək İDEA İctimai Birliyinə aparılıb. 

İtlər köçürülən zaman onların insanlara qarşı sakit və mehriban olmaları diqqətdən yayınmayıb. F. Mənsurovun sözlərinə görə, buna səbəb onların balacalıqdan yalnız itləri özünə şikar kimi görməyə öyrədilməsidir. 

Sözügedən məkandan çəkilmiş videodan görünür ki, orada itlər üçün xüsusi rinq hazırlanıb və onlar yarıtikililərdə saxlanılıblar. Həyətdə itlərin qarşısına atıldığı ehtimal edilən heyvanların skeletləri də aşkarlanıb. 

Qeyd edək ki, it döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və döyüşləri təşkil edən Mətləb Əliyev, Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev həbs olunub.

Xatırladaq ki, narkotik vurulduğu iddia olunan itlər ölənə qədər döyüşdürülür, “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilirdi. /Qafqazinfo/

OK.ru