“Test neqativ göstərdi, amma virus öz işini görüb”- KORONAVİRUSA YOLUXAN VƏKİL

“Test neqativ göstərdi, amma virus öz işini görüb”- KORONAVİRUSA YOLUXAN VƏKİL
HADİSƏ

30 iyun 2020, 11:34

Mətn ölçüsü

“İyunun 21-də xəstələndim. 22 iyunda məndən test götürdülər, 26 iyunda neqativ cavab aldım. İyunun 27-i isə gecə hərarətim 38 dərəcəyə çatdı. Təcili Yardıma zəng elədim, gələn həkim mənə bildirdi ki, səndə pnevmoniya başlayıb, təcili Ağciyər Xəstəlikləri İnstituna müraciət et”.

News24.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü Çimnaz Eyyubova şəxsi feysbuk hesabında bildirib. 

Onun sözlərinə görə, KT və flyuqrofiya müayinəsindən sonra onun koronavirusun pnevmoniya formasında xəstələndiyi  təsdiq edilib: “Dərdlərim bundan sonra başladı. TƏBİB-in təyin etdiyi qərara görə mənim test analizim neqativ olduguna görə və pnevmoniya olduğuma görə xəstaxana şəraitində deyil, poliklinika tərəfindən nəzarətə göturulüb ev şəratində müalicə almalıyam. Poliklinikadan dedilər ki, ancaq telefonla sizi qeydiyyatdan keçirib məlumat verməliyik ki, ünvan üzrə qeydiyyata götürülsün, nəzarət də telefonla ediləcək, ancaq şəfqət bacısı ayrıla bilməz. Özlərini sığortalamaq üçün mənə resept də göndərdilər ki, bunları qəbul et. Həmin reseptdə yazılanların bir qismini mən test cavabı alana kimi qəbul etmişdim və bildirdim ki, bir həftə mən həmin dərmanları qəbul etmişəm, nəticəsi yoxdur. “Mənə İnstitutda müalicə yazılıb, kömk edin , tibb bacısı ayırın”, deyib müraciət edəndə bildirdilər ki, həkim və tibb bacısı sizinlə ünsiyyətdə ola bilməz, tanış bir tibb bacısı tap , müalicəni al. Bundan sonra yeni dərd gəldi”. 

Vəkil bildirdi ki, bundan sonra AR Səhiyyə Nazirliyinə müraciət edib: “Cavabları nə olsa yaxşıdır? Bir həftə gözləyin, TƏBİB yeni koronavirus paketi hazırlayır. Mən hər bir səlahiyyətli tibb idarələrinə bildirdim ki, mən vəkiləm, qanunlara riayət edin, mənim sağlamlığımı qoruyun. Bu da mənim “səhiyyəm”. Sizlərə müraciət edirəm ki, səhhətinizdən muğayat olun. Allah rəhmət etsin, mən başa düşdüm ki, hakimlərimiz niyə öldülər?. Mən də Poçt qutusundakı kimi gözləyirəm... 

Əziz Vəkil yoldaşlarım! Mən də böyük əksəriyyət kimi həmişə insanlara karantin qaydalarına əməl etməmələrinə görə irad edirdim. Ancaq öz təcrübəmdə gördüm ki, Təbib, AR Səhiyyə Nazirliyini insan həyatı ilgiləndirmir, sadəcə məlumat verməklə məşguldurlar”-deyə o əlavə edib.
Məsələ ilə bağlı TƏBİB-in və Səhiyyə Nazirliyinin mətbuat xidmətlərinə sorğu göndərilib. 

Afaq Mirayiq