“Yandı ürəyim, Poladım”- general və polkovnik SEVDİKLƏRİ TORPAĞA QOVUŞDULAR – VİDEOREPORTAJ

“Yandı ürəyim, Poladım”- general və polkovnik SEVDİKLƏRİ TORPAĞA QOVUŞDULAR – VİDEOREPORTAJ
HADİSƏ / Video / Foto

15 iyul 2020, 16:06

Mətn ölçüsü

“Şəhidlər ölməz, Vətən bölünməz”,
“Torpaq uğrunda ölən varsa, Vətəndir”. 


Bu şüarlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov polkovnik İlqar Mirzəyevin vida mərasimində səsləndirilib. Bu gün hər bir azərbaycanlı öz şəhidləri ilə vidalaşmağa, onları son mənzilə yola salmaq üçün II Fəxri Xiyabana toplaşmışdı.  


Hərbi Okestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yayılım atəşləri altında son mənzilə yola salınıb. General Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarı üzərinə əklillər qoyulub.

Şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağı əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edilib.

Şəhid general Polad Həşimovun məzarı önündə həyəcanlı anlar yaşandı. “Yandı ürəyim, Poladım” - deyə hayqıran şəhid anası Səmayə Həşimovaya yüzlərlə insan təsəlli verib, qarşısında diz çöküb əllərindən öpüblər.

Şəhid, general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov News24.az-a bildirib ki, generalın ən böyük arzusu Qarabağı geri qaytarmaq idi: “Bunun üçün son damla qanından belə keçməyə hazır idi, keçdi də... O, Azərbaycan tarixində səngərdə əsgərlə birgə şəhid olan general kimi yaddaşlara həkk oldu. Azərbaycan oğulları yumruq olub, onun qanını yerdə qoymamalıyıq. Torpaqlarımızın hər qarışını geri qaytarmalıyıq”.  

Göz yaşlarını saxlaya bilməyən general övladları isə ataları ilə qürur duyduqlarını deyiblər. “Mən fəxr edirəm ki, atam şəhidlik zirvəsinə ucaldı. Mənim atam həqiqətən igid, qəhrəman insan olub. Fəxr edirəm ki, şəhidlik zirvəsinə ucaldı”- deyə şəhid oğlu Davud Həşimov bildirib. 

Eyni cəbhədə vuruşdular, bir torpağa basdırıldılar... 

İyulun 14-də səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı eyni cəbhədə vuruşan polkovnik İlqar Mirzəyevlə general-mayor Polad Həşimov yanaşı məzarlarda dəfn olunublar.

Qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin dəfn mərasimində də izdiham yaşanıb. “Qeyrətli balam, şirin balam” deyən polkovnikin anası Gülnarə Mirzəyeva oğluna səsləndi: “Qeyrətli balamsan, bir dəqiqəyə otur-dur deyirsən, bəs indi komandir də yatarmı, niyə yatırsan?! İlqarım, bağışla gedirəm. Səni tək qoymaq istəmirəm”. 

Polkovnik İlqar Mirzəyevin qardaşı Rəfael Mirzəyev vida mərasimində qardaşının son nəfəsinə qədər həmişə millətinə, vətəninə sadiq olduğunu deyib: "Hər zaman fəxr edirdik ki, düşmən ondan qorxur. Biz vətənin xidmətində qonşuluqda yaşadıq. Bu dünyadan köçəndə o dünyada da qonşu olaq. Mən istəyərdim, Azərbaycan xalqı yumruq kimi birləşsin, ayılsın. Qardaş itkisi verməyək. Ali baş komandan sabah komanda versə, biz ordayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin". 

Polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib. 

Şəhidlərlə vidalaşmağa gələn zabit heyəti də məzar başında ürək sözlərini dilə gətiriblər. Ehtiyatda olan polkovnik Yasin Zeynalov deyib ki, zabitlər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir: “Zabitlər olaraq qardaşlarımızın qanını yerdə qoymayacağıq".

Başın sağ olsun, Azərbaycan! 

Afaq Mirayiq 
Foto-Video:Fərid Şabanov 





















YouTube