Bu kollecin vəzifəli şəxsləri barədə cinayət işi məhkəməyə göndərildi

Bu kollecin vəzifəli şəxsləri barədə cinayət işi məhkəməyə göndərildi
HADİSƏ

03 sentyabr 2020, 15:22

Mətn ölçüsü

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə tədbirlərdən biri kimi Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ələkbərov Xaləddin Qasım oğlu və həmin kollecin əyani şöbəsinin müdiri vəzifəsində işləmiş Dursunov İlqar Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq tədbirləri ilə qeyd olunan vəzifələrdə işləyərkən Xaləddin Ələkbərov və İlqar Dursunovun 2019-2020-ci tədris ilində kollecdə təhsil alan 90 tələbədən imtahanlarda müsbət qiymətlərin yazılması və dərslərdə iştirak etmədən semestr imtahanlarına buraxılması müqabilində 2019-cu ilin dekabr ayının ortalarından 2020-ci ilin yanvar ayının sonunadək olan müddətdə kollecin inzibati binasında ümumilikdə 12 min100 manat məbləğdə pul vəsaitini almalarına əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Xaləddin Ələkbərov və İlqar Dursunov barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilmiş, 21 avqust 2020-ci il tarixdə isə onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 31 avqust 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.