Ombudsman Aparatı etiraz bəyanatı yaydı

Ombudsman Aparatı etiraz bəyanatı yaydı
HADİSƏ

27 sentyabr 2020, 23:00

Mətn ölçüsü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin gün ərzində dəfələrlə pozulması nəticəsində mülki əhalinin, o cümlədən, qadın və uşaqların qətlə yetirilməsinə etiraz olaraq bəyanat yayıb.

News24.az xəbər verir ki, bəyanatda deyilir:

"Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri müxtəlif növ iri çaplı artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhali, o cümlədən, qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub. Eyni zamanda 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Bu hərbi təcavüz nəticəsində Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəaları kobud şəkildə pozulmuşdur.

Bu hadisələr Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir.

Dünya ictimaiyyəti bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətləri törətmiş işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalı, xüsusi beynəlxalq tribunal yaradılmalı və cinayətkar şəxslər barədə ədalətli qərar qəbul edilməlidir".