İş adamı ikiqapılı “Mercedes” hədiyyə etdiyi əsgərlə görüşdü – FOTO

İş adamı ikiqapılı “Mercedes” hədiyyə etdiyi əsgərlə görüşdü – FOTO
HADİSƏ

27 oktyabr 2020, 11:35

Mətn ölçüsü

İş adamı Fərid Novruzi “Mercedes” hədiyyə etdiyi əsgərlə görüşüb.

News24.az xəbər verir ki, bu barədə F.Novruzi özü məlumat yayıb. O, Qəhrəman qardaşım tapıldı deyə bildirib:"Qardaşımızı Allah saxlayıb. Döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı.

Dünən səhər, “Facebook”da bir izləyicim, əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı, onun kontaktlarını göndərdi və əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb. Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən belə igidlə qürur duydum. Qərara aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsi ilə tanış olum və hədiyyəsi barəsində xəbər verim. Və nə olsa yaxşıdı? Qardaş dedi ki, - Şəhərə gəlirəm, axşam görüşə bilərik. 

İnan ki, elə xoşbəxt idim ki, elə sevinirdim ki, və Əlhəmdülillah dünən axşam bir araya gəldik. 

Qardaşın üzünü məlum səbəblər ilə göstərə bilmirəm, amma Hadrut hekayəsini danışanda, maşını necə gördüyünü (bu arada ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamsını mənimlə bölüşdü. 

Və bir şey danışdı, bunu paylaşmaya bilmərəm. Döyüş vaxtı ayağından güllə yarası alanda  digər döyüş yoldaşı daha da ağır yaralanıb. Özü yaralı ola-ola yoldaşını təhlükəsiz yerə qədər öz üzərində aparıb. Yoldaşına yaralı olduğunu bildirməyib. Yolda yoldaşı deyir ki, bizi burdan sağlam çıxar və əsasda özünü qoru, zarafatla da əlavə edib ki, unutma, səni iki qapılı maşın gözləyir. 

Nə deyim. Vallahi belə oğullarımız olduqca bu dövlətə heç bir zərər gəlməz, heç bir düşmən önümüzdə dayana bilməz. Allah igidlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!"

Xatırladaq ki, əsgərimiz Hadrut uğrunda gedən döyüşlərdə “ikiqapılı “Mercedes” avtomobili mənim xəyalım olub”  dediyi video sosial şəbəkələrdə paylaşılıb.

Bundan sonra F.Novruzi əsgərə xəyal etdiyi ikiqapılı avtomobili alıb.