Xırdalanda biri azyaşlı olmaqla, 3 nəfər dəm qazından boğularaq ölüb

Xırdalanda biri azyaşlı olmaqla, 3 nəfər dəm qazından boğularaq ölüb
HADİSƏ

11 yanvar 2021, 18:37

Mətn ölçüsü

Yanvarın 11-də saat 15 radələrində 3 nəfər şəxsin Abşeron rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından boğularaq ölmələri barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon Prokurorluğundan  News24.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olub ki, 1995-ci il təvəllüdlü Kamal Süleymanovun, 1997-ci il təvəllüdlü Günel Tağıyevanın və sonuncunun 2019-cu il təvəllüdlü azyaşlı övladının meyitləri Xırdalan şəhəri, Quşçuluq massivi, X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evlərinin birində aşkar olunub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.