Bahar Muradova erkən nikahlardan və intiharlardan DANIŞDI

Bahar Muradova erkən nikahlardan və intiharlardan DANIŞDI
HADİSƏ

26 fevral 2021, 12:58

Mətn ölçüsü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkədəki erkən nikahlardan və intiharlardan danışıb. 

News24.az xəbər verir ki, Bahar Muradova jurnalistlərə açıqlamasında cəmiyyətdə bir sıra məsələlərlə bağlı insanların narazılığının və narahatlığının olduğunu deyib: "Ölkədə təkcə erkən nikah deyil, bir sıra məsələlər var ki, cəmiyyətdə haqlı narazılıq, narahatlıq doğurur. Bəzən dərdini açıq demək, harada şikayət etmək ənənəsini normal qəbul etmirlər. Heç kim bu məsələlərə biganə qalmamalıdır. Bu məsələlər yalnız bizim komitənin nəzarətində deyil. Daşlaşmış stereotipləri müasir cəmiyyətin  tələbi ilə dəyişmək lazımdır. Təəssüf ki, istədiyimiz nəticəni ala bilmirik. Son dövrlər bu vəziyyətin dünya üzrə acınacaqlı olmasının səbəbi var. Bu, pandemiya ilə bağlıdır. Həmçinin müharibədən çıxmış ölkə kimi onun doğurduğu psixoloji, sosial və digər çətinliklər var ki, bəzi insanların psixoloji durumu buna dözməyə imkan vermir. Çox təəssüf ki, bizim cəmiyyətdə zorakılıq hadisələri və gizli gedən proseslərlə bağlı insanlarımızın xidmətlərdən istifadəsi az olur".

O bildirib ki, bunun bir neçə səbəbi ola bilər: "Bu, milli mənəvi dəyərlər və məsələyə fərqli baxışa bağlıdır. Bu sahədə xidmətin dairəsini genişləndirməli və bu prosesə bütün cəmiyyət olaraq qoşulmalıyıq. Yalnız Azərbaycanda deyil, bütün dünyada bu kimi hadisələrin nəticəsi cəmiyyətə çatır və ağır nəticələnir".

Onun sözlərinə görə, intiharlara bağlı rəqəmlər yüksəkdir.