"Ermənilər 54 min hektar meşəmizi məhv edib"- NAZİR MÜAVİNİ

"Ermənilər 54 min hektar meşəmizi məhv edib"- NAZİR MÜAVİNİ
HADİSƏ / SOSİAL

07 aprel 2021, 15:52

Mətn ölçüsü

"Jurnalistləri Zəngilana gətirməkdə məqsədimiz erməni vandallarının məhv etdiyi meşələrimizi və ekoloji terroru sizlərə göstərməkdir".

News24.az-ın xəbərinə görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, Zəngilanda ağac əkilən ərazilər vaxtı ilə sıx meşə olub:"İşğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə onların məhv etdiyi ərazilərin miqyası daha çox olacaq. Bu, meşə fonduna daxil olan ərazilərdir. Qeyri-meşə fonduna daxil olmayan yaşıllıqlarımız da olub. Bəsitçay Dövlət Qoruğunda ağac vardı, 2000-ilə yaxın yaşı vardı, amma erməni vandalları onu məhv ediblər".

Nazir bildirib ki, Zəngilana səfərin əsas məqsədi qısa bir zamanda Qarabağ bölgəsini yaşıllığa qərq etməkdir: "Bilirsiniz ki, ölkəmizdə “Yaşıl marafon” devizi altında böyük tədbir keçirilir. Bu tədbir bütün Azərbaycanın rayonlarında tətbiq olunur. İşğaldan azad olunan torpaqlarla yanaşı, Azərbaycanımızın digər bölgələrində də bu iş davam etdirlir. Bu gün burada da biz ərazi üçün xarakterik ağac olan Şərq Çinarının, tut ağacının, eləcə də şabalıdyarpaq palıdın toxumunu səpdik. Bu işi daha intensiv həyata keçirmək istərdik. Amma təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Bu torpaqlar minalardan təmizləndikcə, ağacəkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraları qısa bir zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq".

Məhərrəm ƏLİYEV