"Ac-susuz qalmışıq, vağzalda dilənirik"

"Ac-susuz qalmışıq, vağzalda dilənirik" Hadisə

Qazaxıstanın Almatı şəhərinə işləmək üçün gedən bir qrup azərbaycanlı usta işəgötürən tərəfindən aldadıldıqlarını iddia edir. Onların sözlərinə görə, əvvəlcədən daha yüksək əməkhaqqı vəd edilsə də, ölkəyə çatdıqdan sonra ödəniş məbləği azaldılıb, yaşayış və qidalanma ilə bağlı verilən vədlər yerinə yetirilməyib.

News24.az-a müraciət edən ustaların sözlərinə görə, onlar hörgü işi ilə məşğul olmaq üçün Qazaxıstana dəvət olunublar. İddialara əsasən, işəgötürən onlara hər kvadratmetr üçün 50 manat ödəniləcəyini, yol xərcinin qarşılanacağını, həmçinin qalmaq və yeməklə təmin olunacaqlarını vəd edib.

Lakin ustalar Almatıya çatdıqdan sonra şərtlərin dəyişdiyini bildirirlər. Onların sözlərinə görə, əvvəlcə hər kvadratmetr üçün 50 manat vəd edilsə də, sonradan bu məbləğin 12 manata endirildiyi deyilib. Onlar iki gün işlədiklərini, daha sonra isə altı gün işsiz qaldıqlarını iddia edirlər:

"Etibar adlı şəxslə danışdıq və razılaşıb Almatıya yola düşdük. Qazaxıstana getmək üçün aviabiletləri öz vəsaitlərimiz hesabına aldıq. İşəgötürən bilet pulunu sonradan ödəyəcəyini, yaşayış və qidalanma xərclərini qarşılayacağını bildirsə də, ölkəyə çatdıqdan sonra bu vədləri yerinə yetirmədi. Hazırda Almatıda qalmağa yer və yemək-içməkdə çətinlik çəkirik. Azərbaycana qayıtmaq üçün də vəsaitimiz olmadığından müvəqqəti iş axtarmağa məcbur qalmışıq. Bizdən əlavə 4 nəfər də var, ümumi 7 nəfər Almatı vağzalında dilənirik".

Müraciətdə bildirilir ki, təkcə onların deyil, daha yeddi nəfərin də Almatı vağzalı ətrafında çətin vəziyyətdə olduğu iddia edilir. Həmin şəxslərin də iş vədi ilə Qazaxıstana gəldikləri və hazırda köməyə ehtiyac duyduqları qeyd olunur.

Şikayətçilər işəgötürənin adının Etibar olduğunu bildirərək, onunla bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirlər. Onlar digər vətəndaşları da xaricdə iş təklifləri ilə bağlı əvvəlcədən bütün şərtləri dəqiqləşdirməyə çağırıblar.

“Hazırda Qazaxıstanda küçə-küçə iş axtarırıq. Azərbaycana qayıtmaq üçün belə pulumuz yoxdur. Ailələrimiz, uşaqlarımız evdə qalıb. Bizə kömək göstərilməsini və bu məsələ ilə bağlı tədbir görülməsini istəyirik”, – deyə müraciətdə bildirilib.

Məsələ ilə bağlı ittiham olunan Etibar Bayramov isə ustaların səsləndirdiyi iddiaları təkzib edib. O bildirib ki, şəxslərlə əvvəlcədən razılaşaraq onların Qazaxıstanda işlə təmin olunmasına kömək edib və bu razılaşmanı yerinə yetirib.

Onun sözlərinə görə, ustalar işə başladıqdan sonra əllərinə keçən pulu içkiyə xərcləyiblər və vəsaitləri tükəndikdən sonra geri qayıtmaq üçün ondan pul istəyiblər:

“Onlarla əvvəlcədən razılaşmışdıq ki, onları işlə təmin edəcəyəm. Dediyimi də etdim, hər birini işə düzəltdim. Lakin orada müəyyən qədər pul qazandıqdan sonra içkiyə qurşandıqlarını düşünürəm. Pulları qurtarandan sonra məndən pul göndərməyimi, Azərbaycana qayıtmaq istədiklərini deyirlər. Mən onlardan bir qəpik də pul almamışam. Özlərinə də əvvəlcədən demişdim ki, işləməyə gedərkən yanlarında kifayət qədər vəsait götürsünlər. Kvadratı 12-15 manat arası danışılıb. Bir gündə 100-150 manat arası pul qazanırdılar. Hətta daha çox qazandıqları da olub.

Qazaxıstanda tikintinin aparıldığı ərazidə məsul şəxs də var və o da həmin ustalardan şikayət edir. Bildirir ki, işləmirlər, vaxtlarını içki içməklə keçirirlər”.