Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Hadisə
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb.
News24.az xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb.
Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrinin iri ölçülü dərialtı hematoması ilə əlaqədar gicgah-çənə oynağında hərəkət funksiyasının ağrı və şişkinlik hesabına məhdudluğu xəsarəti alıb.
Qadının həkimə müraciətindən sonra əri barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə iş açılıb.
Məlum olub ki, hadisə gecə saat 00:15 radələrində ailənin yaşadığı evdə baş verib. Belə ki, 57 yaşlı kişi gecə saatlarında yatarkən paltaryuyanın səsi onu narahat edib. o, qışqıraraq arvadından paltaryuyanın səsini kəsməsini tələb edib, daha sonra qadına hücum edərək yumruqla zərbə endirib.
Cinayət işinin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş qadın əri ilə barışdığını, aralarındakı narazılığın artıq həll edildiyini və şikayətçi olmadığını deyib.
Məhkəmənin çıxardığı qərarla təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib./Qafqazinfo/