Astarada ağır qəza: Ölən və xəsarət alanlar var - Yeniləndi
Hadisə
Astara rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb.
Rayonun Kijəbə qəsəbə sakini Cəsarət Sübhan oğlu Əliyevin idarə etdiyi "Niva" markalı avtomobil Təngərüd kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Zair oğlu Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində "Mercedes"in sürücüsü K.Məmmədov hadisə yerində ölüb.
"Niva"nın sürücüsü və avtomobildə olan sərnişin, Kijəbə qəsəbə sakini, 1991-ci il təvəllüdlü Fail İlqar oğlu Qüdrətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi müayinədən sonra hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə təxliyə olunublar.
Yaralıların müayinəsi müvafiq şöbədə davam etdirilir.
Qəzada ölən şəxsin meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
13:10
Noyabrın 12-si saat 11:00 radələrində Astara rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:
"Onlara bədənin müxtəlif nahiyələrin çoxsaylı travması diaqnozları təyin olunub. Hazırda pasiyentlərin müalicələri tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir".