Astarada dünən toyu olan 17 yaşlı gəlinin ölüm səbəbi açıqlandı - Yeniləndi
Hadisə
Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.
News24.az xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq saraylarının birində toyu olub.
Toydan sonra o özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Ə.İ.-nin hamilə olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Apa)
10:31
Oktyabrın 28-i saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub:
"Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb".
"Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd edilib.