“Avant Group”un tikintisində ağac kəsildi, akt tərtib edildi - Video
Hadisə
Yasamal rayonu, Şərifzadə küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan məlumat əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, araşdırma zamanı sözügedən ünvanda “Avant Group” MTK tərəfindən tikinti işləri aparılan zaman bir sərv ağacının kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.
Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etsinlər.
***
“Avant Group” şirkətinin tikinti apardığı ərazidə yaşıllığın məhv edilməsi ilə bağlı görüntü yayılıb.
News24.az xəbər verir ki, bu barədə jurnalist Nigar Sabirqızı sosial şəbəkə hesabında paylaşım edib. Kadrlarda ərazidəki ağacların kəsildiyi və ya tamamilə məhv edildiyi aydın görünür. Jurnalist qeyd edib ki, sözügedən ərazidə yaşıllıq daha əvvəl də məhv edilib və hazırda qalan 4–5 ağac da eyni aqibətlə üzləşir. Onun sözlərinə görə, gecə saatlarında yaradılan səs-küyün nəticələri səhər açılanda açıq şəkildə ortaya çıxır:
"Səhər pəncərədən baxanda onsuz da eybəcər şəklə salınmış mənzərəmizdə “Avant”ın yeni əl işini gördüm. Onsuz da ərazidəki ağacları məhv etmişdilər, olan-qalan 4-5 ağacı da belə məhv edirlər. Gecə yaratdıqları səs-küyün səhər açılanda nəticələrini görürük".
Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda qurum əməkdaşları sözügedən məsələ ilə bağlı araşdırma aparırlar.