Bakıda gəlinini döyən qayınataya cinayət işi açıldı
Hadisə
Bakıda gəlinini döyən qayınataya cinayət işi açılıb.
News24.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.
66 yaşlı Bəhruz Səfərov (şərti adla) yaşadıqları evdə gəlini Firuzənin (şərti adla) sifət və qol nahiyələrinə sillə ilə zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.
Zərərçəkənin şikayəti əsasında B. Səfərov barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs bildirib ki, gəlini Firuzə işdən gələndən sonra nəvələrini danladığı üçün əsəbiləşərək, onu vurub. Onun sözlərinə görə, nəvəsi şirniyyat istəyib, lakin gəlini verməyib və uşağı danlayıb. Bəhruz Səfərov bildirib ki, gəlinindən üzr istəməyib, uzun müddətdir Firuzə ilə danışmırlar. Evdə onunla danışmağa çalışsa da, gəlini reaksiya verməyib. O, nəvələri üçün hər şey etdiyini, gəlininin isə onlarla münasibətini götürə bilmədiyini qeyd edib. B. Səfərov əməlindən peşman olduğunu deyib.
Zərərçəkən Firuzə isə bildirib ki, 6 aydır qayınatası ilə danışmırlar. İşdən gələndən sonra oğlunun dərslərindən zəif qiymət aldığı üçün oğlunu danlayıb. Bundan sonra otağına keçəndə qayınatası gələrək, onu döyüb. Onun sözlərinə görə, Bəhruz elə onu döymək üçün fürsət axtarıb. Firuzə bildirib ki, həyat yoldaşı ilə faktiki olaraq ayrılıblar. Küsülü olduqları üçün əri və qayınatası ayrı otaqda, o və uşaqları isə ayrı otaqda qalır. Evin giriş qapıları da ayrıdır.
Zərərçəkən gəlin qayınatasını bağışlamadığını deyərək, ona ciddi cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Bəhruz Səfərov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib./lent.az