Bakıda makler ev almaq istəyən xadiməni aldadıb 40 min pulunu mənimsədi

Bakıda makler ev almaq istəyən xadiməni aldadıb 40 min pulunu mənimsədi Hadisə

Bakıda ev almaq istəyən qadını aldadaraq 40 min pulunu ələ keçirən makler həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunda baş verib.

Ev alqı-satqısı ilə məşğul olan 1980-ci il təvəllüdlü Emin Mürsəlov ev almaq üçün ona müraciət edən Nüşabə Musayeva adlı qadını aldadıb. Ona Balaxanı qəsəbəsi Odlar Yurdu küçəsindəki 2 sot torpaq sahəsində yerləşən birmərtəbəli həyət evini göstərərək satışa çıxarıldığını deyib.

Daha sonra həmin qadından evin alqı-satqısı üçün 40 min manat pul alıb. Bir müddət sonra məktəbdə xadimə işləyən qadın aldadıldığını başa düşüb. Evin başqasına məxsus olması və Emin Mürsəlovun dələduzluq əməlinin üstü açılıb.

Faktla bağlı Sabunçu rayon polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə iş açılıb. Məlum olub ki, E.Mürsəlov N. Musayevaya özünü Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin yüksək vəzifəli şəxsləri ilə əlaqəsi olan şəxs kimi təqdim edib və onun inamını qazanıb.

Makler barəsində toplanmış materiallar Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə Emin Mürsəlova 2 il azadlıqdan məhrumetmə cəzası verilib.

Bununla yanaşı, mülki iddiaçıya dələduzluq cinayəti nəticəsində vurulmuş 40000 manat məbləğində maddi ziyanın və 2000 manat məbləğində mənəvi ziyanın təqsirləndirilən şəxsdən tutularaq ödənilməsinə qərar verilib.

Yaşar Araz