Bakıda yaşayış binasında partlayış - Xəsarət alan var -YENİLƏNDİ
Hadisə
Bu gün saat 14:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindən partlayış səbəbilə çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2006-cı il təvəllüdlü şəxs (kişi) bədənin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bildirilib ki, ona baş, boyun, gövdənin hər iki aşağı və yuxarı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla işləyən cihazda partlayışın baş verdiyi müəyyən edilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.