"Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu

"Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu Hadisə

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli "Tiktok"er Aybəniz Xəlilovanın apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub. 

News24.az xəbər verir ki, bu barədə "Unikal"a zərərçəkmişin vəkili Mirdamət Qədirli məlumat verib.

Onun sözlərinə görə, məhkəmənin ilk hazırlıq iclası sentyabrın 24-də saat 15:45-də hakim Emin Mehdiyevin sədrliyi ilə baş tutacaq.

Bundan başqa zərər çəkmiş şəxsin nümayəndəsi Mirdamət Qədirli Apellyasiya şikayətində Aybəniz Xəlilovanın barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə tiktokerin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.

Məhkəmə istintaqı dövründə isə zərərçəkmiş xanım tiktokerdən şikayətçi olmadığını bildirib.