Binəqədidə partlayış: 3 nəfər xəsarət aldı - Video - Yeniləndi

Binəqədidə partlayış: 3 nəfər xəsarət aldı - Video - Yeniləndi Hadisə

Paytaxtın Binəqədi rayonundakı obyektdə partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.

Məlumatda o da bildirilib ki, partlayış zamanı xəsarət alanlar var.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib. (Baku.ws)

17:11


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.

FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

17:36


Dekabrın 5-i saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.