Bu ölkə Bakıya olan reysləri ləğv etdi - SƏBƏB
Hadisə
Hindistanın aşağıbüdcəli “IndiGo” aviaşirkəti İran ətrafında cərəyan edən hadisələr fonunda fevralın 28-dək Bakı, Tbilisi, Almatı və Daşkəndə, həmçinin bu istiqamətlərdən bütün uçuşları ləğv edib.
News24.az xəbər verir ki, qərar bu gündən qüvvəyə minib.
Aviaşirkət uçuşların ləğv edilməsinə səbəb kimi müştərilərin və heyətin təhlükəsizliyinin təmin edilməsi zərurətini göstərib. Müştərilərə alternativ səyahət variantlarından faydalanmaq və ya ödənişi tam geri almaq imkanı təklif olunub.
Vəziyyət dəyişdikcə qərara yenidən baxıla biləcəyi vurğulanıb.
Qeyd edək ki, ləğv edilən reyslər İranın hava məkanından keçən və ya ona yaxın marşrutları əhatə edir. KLM, “Lufthansa” və “Air France” kimi bir sıra şirkətlər də artıq yanvarın 23-dən Yaxın Şərq istiqamətində uçuşları dayandırıb və ya marşrutlarını dəyişib.
Xatırladaq ki, yanvarın 28-də Donald Tramp sosial media hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nəhəng bir armadanın İrana doğru hərəkət etdiyini açıqlayıb. Tramp bu donanmaya “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyini və onun Venesuelaya göndəriləndən daha böyük olduğunu qeyd edib.(qafqazinfo)